Professor Surxay Musayev: “Bir insan kimi bu, məni çox narahat edir”
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Dünya Böyrək Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Tədbirdə respublikamızın dializ mərkəzlərinin, həmçinin özəl dializ mərkəzlərinin həkimləri, Mərkəzi Neftçilər Xəstəxanasının hemodializ və böyrəkköçürmə şöbəsinin əməkdaşları iştirak ediblər.
ATU-nun Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev bildirib ki, ənənəvi keçirilən konfransın məqsədi böyrək patologiyasına malik, böyrək xəstəsi olan insanlara diqqəti yönəltməkdir: “Artıq 10-cu dəfədir ki, belə bir tədbir keçirilir. Azərbaycan hökuməti bu məsələni həmişə diqqət mərkəzində saxlayır. 2010-cu il noyabrın 26-da Nazirlər Kabinetinin sərəncamı ilə 2011-2015-ci illərdə xroniki böyrək çatışmazlığı üzrə tədbirlər proqramı təsdiqlənib”.
Onun sözlərinə görə, Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin sayı hər il artır: "Hər il dializ xəstələrinin sayında orta hesabla 20-25 faiz artım qeydə alınır. Bunu nəzərə alan Azərbaycan hökuməti tərəfindən ölkədə belə xəstələrin müalicəsi üçün dializ mərkəzləri yaradılır. Çünki bu xəstəlikdən əziyyət çəkən xəstələrin öz hesablarına uzun müddət dializ qəbul etməsi çətin məsələdir. Bu səbəbdən Azərbaycan Tibb Universitetində də bu məsələyə ciddi diqqət yetirilir”.
S.Musayev qeyd edib ki, hazırda ATU-nun Tədris Terapevtik Klinikasında Nefrologiya şöbəsi fəaliyyət göstərir: “Klinikanın bütün çarpayıları işləyir, xəstələri növbə ilə qəbul edirik. Bir klinika rəhbəri kimi bu hal məni razı salmalıdır. Amma bir həkim, bir insan kimi əhalinin belə xəstə olması məni çox narahat edir. Amma xəstələr varsa, onların müalicəsi üçün belə mərkəzlər yaratmalıyıq”.
Sonra akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev “Azərbaycanda böyrək əvəzedici terapiyanın 2014-cü il registri” mövzusunda məruzə ilə çıxış edib. Onun sözlərinə görə, Azərbaycanda bu günə qədər müalicə olunan 2 635 dializ xəstəsinin 356 nəfərində Hepatit C, 152 nəfərində Hepatit B, 49 nəfərində isə mix-infeksiya (HBV+HCV) aşkar olunub.
Həkim bildirir ki, hemodializ müalicəsi qəbul edən xəstələr müxtəlif instrumental, invaziv müdaxilələrə məruz qaldığından, onlar daha tez hepatit virusuna yoluxurlar:
Xəstəliyin sıxlığına gəlincə, hazırda Azərbaycanda bir milyon əhaliyə 450-550 böyrək çatışmazlığından əziyyət çəkən xəstə düşür. Onlardan da təxminən 255-270 nəfəri hemodializ müalicəsinə cəlb olunur. Onun sözlərinə görə, ən yüksək xəstə sıxlığı Gəncə, Şəmkir, Mingəçevir və Bərdə zonasında müşahidə olunur:
"Həmin ərazilərdə bir milyon əhaliyə təxminən 253 xəstə düşür. Bu göstərici regionlarda xəstəliyin daha çox yayılması deyil, əksinə, həmin bölgələrdə insanların sayının daha çox olması ilə bağlıdır".
Son illər ərzində Bakıda və regionlarda 26 yeni dializ mərkəzinin istifadəyə verildiyini deyən şöbə müdiri vurğulayıb ki, bu il daha 3 yeni dializ şöbəsinin açılması planlaşdırılır: “Bu gün respublikada 486 dializ aparatı fəaliyyət göstərir və hər bir aparat 3 növbəli iş rejimində 6 xəstəyə xidmət edir. Ötən il ərzində 352 416 hemodializ seansı aparılıb. Onlardan da 155 037-si Bakıda, 197 379 seansı isə bölgələrdə həyata keçirilib".
Şöbə müdiri qeyd edib ki, 2010-cu ildən etibarən Azərbaycanda böyrək köçürmə əməliyyatları bərpa olunub. Və bu günə qədər canlı donordan 197 böyrək transplantasiyası əməliyyatı aparılıb: "2014-cü ildə isə 68 belə əməliyyat həyata keçirilib. Bu gün respublikada 561 böyrək köçürülən xəstə dispanser qeydiyyatdadır".
Daha sonra Səhiyyə Nazirliyinin Baş nefroloqu Mehman Ağayev, ASHTİ-nin nefrologiya kafedrasının müdiri Fuad Sərdarlı və digər mütəxəssislər çıxış ediblər. Tədbirdə “Hemodializ və hemodiafiltrasiya tətbiqinin əsas xüsusiyyətləri”, “”FSQS kompleks müalicəsində plazmaferezin tətbiqi”, “BXX xəstələrində virus hepatitləri”, “Sidik yollarının infeksiyasının müalicəsində Selvirinin tətbiqi”, “Xroniki böyrək çatışmazlığının kəskinləşməsində hemodializin tətbiqi” və s. mövzular ətrafında müzakirələr aparılıb.