Əhliman Əmiraslanov: “Dünyanın bir çox universitetləri ilə əməkdaşlığımız var”
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Qlobal psixi sağlamlıq və inkişaf xəstəlikləri” mövzusunda beynəlxalq simpozium işə başlayıb. İki gün davam edəcək tədbir ATU-nun Psixiatriya kafedrası və Harvard Universitetinin Boston Uşaq Xəstəxanasının inkişaf xəstəlikləri departamenti ilə birlikdə təşkil olunub. Simpoziumda ABŞ, Türkiyə, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən mütəxəssislər iştirak edirlər.
Simpozumun açılış mərasimində çıxış edən ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov psixi sağlamlıq və inkişaf xəstəliklərinin hazırda bütün dünya ictimaiyyətini narahat edən məsələlərdən biri olduğunu bildirdi: “Müasir dünyada psixi sağlamlıq və onun qorunması ciddi əhəmiyyət kəsb edir. Bu səpkidə Azərbaycan Tibb Universiteti bir çox dünya universitetləri ilə elmi və praktiki əməkdaşlıq edir. Məhz bu əməkdaşlığın nəticəsi olaraq bu gün Harvard Universiteti Boston Uşaq Xəstəxanasının İnkişaf xəstəlikləri departamenti ilə birgə təşkil etdiyimiz elmi simpoziumun açılış mərasiminə toplaşmışıq”. Rektor Ə.Əmiraslanovun sözlərinə görə, simpoziumun məqsədi Azərbaycanla qarşılıqlı təcrübənin paylaşılması ilə yanaşı, ölkədə gənc tədqiqatçı və alimlərin yetişdirilməsinə də kömək etməkdir. Rektor bu məsələdə Harvard Universiteti Boston Uşaq Xəstəxanasının İnkişaf Xəstəlikləri Departamentinin aparıcı mütəxəssislərindən biri Dr. Kərim Munirin böyük köməyi olduğunu vurğuladı: “Biz əməkdaşlığımıza iki il əvvəl başlamışıq. Dr. Kerim Munir Türkiyə ilə yanaşı, Azərbaycan, Qazaxstan və Qırğızıstanda gənc alimlərin yetişdirilməsi istiqamətində səylə çalışmaqdadır”. Rektor qeyd etdi ki, Tibb Universiteti ilə Boston Uşaq Xəstəxanası arasında əməkdaşlıq çərçivəsində artıq ATU-nun iki həkimi orada praktika keçib və bu sipozium qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.
Daha sonra ATU-nun Psixiatriya kafedrasının müdiri, Azərbaycanın Baş Psixiatrı, professor Gəray Gəraybəyli, Azərbaycan Psixiatrlar Assosiasiyasının rəhbəri professor Nadir İsmayılov və qeyri-yoluxucu xəstəliklər üzrə Qlobal Əqli Sağlamlıq Proqramının direktoru Kərim Munirin giriş nitqindən sonra simpozium öz işinə başladı.
Bu gün keçirilən tədbirdə dünyanın müxtəlif ölkələrindən gələn mütəxəssislər tərəfindən aşağıdakı mövzularda məruzələr səsləndirildi: “Diaqnostik və statistik təlimat üzrə baxışın keçirilməsi”, “5 psixi pozğunluq və qeyri-yoluxucu xəstəliklər”, “Həyat boyu müşahidə olunan diqqət çatışmazlığı və hiperaktivlik sindromu” (Özgür Önər, Ankara Universiteti Tibb fakültəsi), “Həyat boyu müşahidə olunan psixiotik pozğunluqlar” (Dr. Bora Başkak, Ankara Universiteti Tibb Fakultəsi”, “Həyat boyu müşahidə olunan epilepsiya tutmaları” (Sara Spence, Harvard Tibb universiteti), “Həyat boyu müşahidə olunan autizm spektri pozğunluqları” (Dr. Tuncay Ergene, Hacettepe Universiteti).
Martın 17-də isə ATU-nun təmsilçisi Nigar Sədiyeva “Azərbaycanda uşaqların normal inkişafı üzrə perspektivlər” mövzusunda çıxış edəcək. Həmçinin, “Sinir sisteminin inkişafı xəstəliklərinin diaqnostikasına yanaşma”, “Autizm spektri xəstəlikləri üzrə genetika və genomika”, “Genetika və genomika üzrə tədris vəsaitləri” (Fedik Rəhimov, Harvard Tibb Universiteti), “Əqli pozğunluqlar üzrə ictimai qayğı” (Qordon Harper, Harvard Tibb Universiteti) kimi məruzələr dinlənəcək.
Simpoziumda inkişaf xəstəlikləri ilə yanaşı, digər psixi və nevroloji pozuntular, inkişaf xəstəliklərinin genetik aspektləri, müdaxilə və müalicə metodikaları ilə bağlı fikir mübadiləsi aparılacaq. Toplantıda psixiatr, nevroloq, pediatr, psixoloq-defektoloq və inkişaf pozuntuları ilə mübarizə aparan mütəxəssislər iştirak edirlər. Sonda simpozium iştirakçılarına sertifikatlar təqdim olunacaq.