Azərbaycan Tibb Universitetinin (ATU) patoloji fiziologiya kafedrasında Yeni Azərbaycan Partiyasının (YAP) ATU üzrə gənclər birliyinin hesabat-seçki konfransı keçirildi.
Konfransda əsas 3 məsələ həll olunub: YAP-ın ATU üzrə gənclər birliyinin sədr müavininin hesabatı dinlənilib, gənclər birliyinin sədr və sədr müavinləri seçilib və idarə heyətinin üzvləri müəyyənləşdirilib.
Konfransda həmçinin YAP-ın Nəsimi Rayon təşkilatının gənclər birliyinin IV konfransına ATU-dan nümayəndə seçilib.
Tədbirdə çıxış edən ATU-nun tədris işlər üzrə prorektoru Sabir Əliyev tələbələri təbrik edərək, onlara işlərinin məsuliyyətindən, ciddiliyindən söz açdı. O həmçinin qeyd etdi ki, YAP 1992-ci ildə yaranıb və artıq 600 mindən çox üzvü var.
Daha sonra ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Elşad Novruzov çıxış etdi. O, seçimlərin nəticələrini elan edərək bildirdi ki, nümayəndə heyətinə 40 nəfər, idarə heyətinə isə 11 nəfər tələbə üzv seçilib. Tədbirdə həmçinin YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı da iştirak edirdi.