Mart ayının əvvəllərində Birləşmiş Krallığın Çester Universitetində Erasmus Mundus Proqramının MEDEA layihəsi çərçivəsində partnyor universitet koordinatorlarının görüşü və 2015-2016-cı dərs ilində mübadilə proqramında iştirak edəcək namizədlərin seçim komissiyasının növbəti iclası keçirilib.
Görüş zamanı Azərbaycan, Gürcüstan, Belarus, Moldova, Ukrayna universitetləri və Almaniya, Böyük Britaniya, İspaniya, İtaliya, Yunanıstan, Litva, Latviya, Portuqaliya universitetləri arasındakı mübadilənin ilk ilinin nəticələri, bu zaman meydana çıxmış çətinliklər, onların aradan qaldırılma yolları barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Tibb Universitetini (ATU) proqramın yerli koordinatoru, ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulova təmsil edib. O, tələbə mübadiləsi zamanı üzləşdikləri problemlər haqda danışıb. Həmçinin universitetlər arasında kurrikulumların uyğunlaşdırılması, Avropa universitetlərindən müəllimlərin post-sovet məkanından olan universitetlərə təcrübə mübadiləsi məqsədi ilə dəvət olunması, tələbələrin dil bacarıqlarının inkişaf etdirilməsi üçün Avropa universitetlərində yay dil məktəblərinin təşkil olunması və s. kimi təkliflərlə çıxış edib.
Görüşdə cari ilin mart-aprel aylarında MEDEA layihəsi çərçivəsində tələbə, magistr, doktorantura və doktoranturadan sonrakı pillələrdə təhsil almaq üçün Avropa İttifaqının təqaüdünə əlavə sənəd qəbulunun keçirilməsi də qərara alınıb.