Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq fakültəsində Novruz bayramı münasibətilə tədbir keçirilib. ATU rəhbərliyinin təşəbbüsü ilə paytaxt restoranlarından birində təşkil edilən bayram tədbirində Əczaçılıq fakültəsinin tərkibində olan bütün kafedraların kollektiv heyəti iştirak edib.
Rəsmi açılış mərasimində çıxış edən Əczaçılıq fakültəsinin dekanı, professor Tahir Süleymanov tədbir iştirakçılarının Novruz bayramını təbrik edərək, hər kəsə bol ruzi-bərəkət, uğurlu iş fəaliyyəti arzu edib. Professor Tahir Süleymanov qeyd edib ki, bu bayram insanları bir-birinə daha da yaxınlaşdırır.
Daha sonra universitetin tədris işləri üzrə prorektoru Sabir Əliyev çıxış edib. O, ATU rəhbərliyi adından bütün tədbir iştirakçılarının bayramını təbrik edib, yaradıcı heyətə uğurlar diləyib.
Bütövlükdə tədbirdə professor-müəllim heyəti, həmçinin fakültədə təhsil alan doktorantlar və magistrlər fəal iştirak ediblər.
Bayram tədbiri çərçivəsində bir sıra müsabiqələr də keçirilib ki, bu da tədbiri daha da maraqlı edib. Birinci müsabiqənin şərti qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, hər kafedranın kollektivi öz iş fəaliyyətləri ilə bağlı düşüncələri əsasında Novruz xonçası hazırlayıb. Münsiflər heyətinin ümumi qərarına əsasən, birinci yerə Əczaçılıq Texnologiyası və İdarəçiliyi kafedrası layiq görülüb və təşkilatçılar tərəfindən kubokla təltif edilib.