31 Mart 1918-ci il azərbaycanlıların soyqırımı günündən 97 il ötür. Bu münasibətlə martın 31-də Azərbaycan dili kafedrasında anım tədbiri keçirildi. Tədbirdə müəllim və tələbələr iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan kafedra müdiri dos. A. F.Miriyev 31 Mart soyqırımının tarixi, səbəbləri haqqında məlumat verdi və bildirdi ki, bu gün bədnam qonşularımızın öz havadarlarının köməyi ilə xalqımıza qarşı törədikləri qanlı cinayətlərin ən dəhşətlilərindəndir. Uzun müddət (Sovet dövründə) xalqımızdan gizlədilən bu hadisəyə müstəqillik illərində hüquqi və siyasi qiymət verildi. Ulu öndər H.Əliyevin 1998-ci il 26 mart tarixli sərəncamı ilə 31 Mart soyqırımı günü kimi təsbit edildi. Müstəqillik illərində bu fakt tarixçilərin, diplomatların, siyasi xadimlərin, jurnalistlərin tədqiqat obyektinə çevrilib, məqalələr, kitablar, kino lentləri, teleradio verilişləri formasında xalqa çatdırılıb. Akif müəllim gənclərimizə dönə-dönə xatırlatdı ki, biz azərbaycanlılar, türklər, ümumilikdə müsəlmanlar bu hadisələrə biganə qalmamalı, öz bilik və bacarığımızla, yüksək intellekt və vətənpərvərliyimizlə düşməni qabaqlamalıyıq. Sonra müxtəlif qruplardan olan tələbələr çıxış etdilər. 1112a qrup tələbəsi Cəfərov Rüstəm, 42a qrup tələbəsi Nağızadə Kamram, 46b qrup tələbəsi Kərəmli Ülviyyə, 45a qrup tələbəsi Əmrahov Şiraslan, 860b qrup tələbəsi Rəhimova Nərgiz erməni işğalçılarının murdar siyasəti, 1918-ci il soyqırımı, bu soyqırımda verilən insan təlafatları, şəhər və kəndlərimizin işğalı haqqında danışaraq bu məsələni müasir dövrlə əlaqələndirdilər. Sevindirici haldır ki, Universitetdə təhsil alan xarici ölkə vətəndaşları da ölkəmizdə baş verən hadisələrə laqeyd qalmırlar. Hazırlıq qrupunun qardaş Türkiyədən olan dinləyicisi Soffet Kaya mərhum jurnalist - şair, milli qəhrəman Alı Mustafayevin “Dəli bir ağlamaq keçir könlümdən” adlı şeiri ilə tədbir iştirakçılarını kövrəltdi.
Tədbiri Akif müəllim yekunlaşdıraraq, iştirakçılardan şəhidlərimizi bir dəqiqəlik sükutla anmağı xahiş etdi. Axırda o bu tədbirin təşkilində zəhməti olan müəllimlərə, tələbələrə və kafedranın kabinet müdiri İlahə Hacıyevaya öz təşəkkürünü bildirdi.