Azərbaycan Tibb Universiteti ilə Orta Asiya Tibb Universitetinin (Central Asia Medical University-CAMU) rəhbər şəxsləri arasında görüş keçirilib. Görüşdə iki ali təhsil müəssisəsi arasında mövcud memorandumun müddəaları ilə bağlı müzakirələr aparılıb.
CAMU universitetinin nümayəndə heyətinin başçısı, Tədris işlər və beynəlxalq məsələlər üzrə prorektor M.Batirov təmsil etdiyi ali məktəbin Özbəkistanda yüksək lisenziyaya malik yeganə qeyri-dövlət universiteti olduğunu bildirib. Hazırda CAMU-da 3 ixtisas - müalicə işi, pediatriya və stomatologiya üzrə proqramların tədris olunduğunu qeyd edib.
ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov qonaqlara universitetin fəaliyyəti, tədris proqramları, yeni ixtisaslar, son illərdə tətbiq edilən yeniliklər barədə məlumat verib. O, iki ali təhsil müəssisəsi arasında əlaqələrin möhkəmləndirilməsi, əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını bildirib.
ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli münasibətlərin təhsil və səhiyyə sahəsinə də aid olduğunu bildirərək, bugünki görüşün həmin əlaqələrin bariz nümunəsi olduğunu bildirib.
Görüşdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, İctimai Səhiyyə fakültəsinin dekanı Qalina Qəniyeva, Orta Asiya Tibb Universitetinin Elmi işlər və innovasiyalar üzrə prorektoru Ş.Normatova, Tibb fakültəsinin dekanı X. Mamarizayev iştirak ediblər.