Bu gün Azərbaycan Tibb Universiteti (ATU) əczaçılıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib. Konfransda giriş nitqi ilə çıxış edən dosent Nərgiz Məmmədova qeyd edib ki, təhsil sahəsində fərqlənən tələbələrin elmi tədqiqat işlərinə cəlb olunması çox önəmlidir:
“Çünki ali təhsil müəssisələri tələbələrə təhsil verməklə yanaşı, onların elmə marağını artırmalı, alimlərin hazırlanması istiqamətində də fəaliyyət göstərməlidir. Bu baxımdan, Tibb Universiteti rəhbərliyi Tələbə Elmi Cəmiyyətlərin fəaliyyətinə çox böyük əhəmiyyət verir. Ötən il rektor Əhliman Əmiraslanovun təşəbbüsü ilə ilk dəfə olaraq TEC-in beynəlxalq konfransı keçirilib”.
N.Məmmədova qeyd edib ki, bu ili sonunda da TEC-in növbəti beynəlxalq toplantısının təşkil olunacağı gözlənilir. O, tələbələri daha fəal olmağa, araşdırmalarını ortaya çıxarmağa çağırıb.
Daha sonra əczaçılıq fakültəsinin dekanı, professor Tahir Süleymanov çıxış edərək TEC-lərin fəaliyyəti haqqında danışıb. Onun özlərinə görə, tələbə elmi dərnəklərdə təmsil olunan gənclər il ərzində apardıqları tədqiqatların nəticəsini təqdim edirlər. Müəyyən mərhələlərdən sonra ən yaxşı işlər universitet səviyyəsinə TC-in konfransına çıxarılır.
“Vacib deyil ki, bütün tələbə elmi dərnəklərində iş aparsın. Hazırda tələbələrin 10 faizi tədqiqat işi ilə məşğul olur. əgər gələcəkdə onların 1-2 faizi professor müəllim heyətini əvəzləyəcəksə, onda biz öz vəzifəmizi yerinə yetirmiş hesab etmiş olacağıq”.
T.Süleymanov fəxrlə bildirdi ki, son 3 ildə məzun adını qazanmış xeyli sayda gənclər hazırda ölkənin əczaçılıq sektorunda işləyirlər. Hətta onlar arasında uğurlu biznes qurmağı bacaran, hazırda TEC-in fəaliyyətinə yardımın göstərənlər də az deyil. Professor bu cür fəaliyyətin daim alqışa ehtiyacı olduğunu vurğuladı.
Sonra konfrans işini davam etdirdi. Əczaçılıq fakültəsi TEC-nin üzvləri hazırladıqları mövzularda işi münsiflər heyətinin diqqətinə çatdırdılar.
Qeyd edək ki, konfransın nəticələrinə görə 2 nəfər tələbə I yer, 2 nəfər tələbə II yer, 2 nəfər tələbə isə III yerə layiq görüldülər, diplom və pul ilə mükafatlandırıldılar. 9 nəfər iştirakçı sertifikatla qiymətləndirildi.