ATU-nun Tədris Terapevtik Klinikasında rezidentlər və gənc həkimlər üçün “İşemik insultun diaqnostikası, müalicəsi və reablitasiyasının özəllikləri” mövzusunda seminar keçirilib. Nevrologiya, Fizioterapiya və tibbi reablitasiya kafedralarının, Rezidentura və magistratura şöbəsinin təşkilatçılığı ilə baş tutan seminara adı çəkilən şöbənin müdir müavini, assistent Namiq Xəlilov moderatorluq edib. O, universitet rəhbərliyinin gənc həkimlərin elmi və praktiki fəaliyyətinə həmişə xüsusi önəm verdiyini bildirib, müzakirəyə çıxarılan mövzunun aktuallığına diqqət çəkib. Eyni zamanda insult xəstəliyi ilə ixtisasından asılı olmayaraq bütün həkimlərin rastlaşmasına baxmayaraq, müalicənin bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən aparıldığını deyən N. Xəlilov, bu günkü seminarda da faydalı müzakirələrin aparılacağına əminliyini ifadə edib.
Tədris Terapevtik Klinikanın baş həkimi Fəridə Hacıyeva vurğulayıb ki, fərqli mütəxəssislərin ayrı-ayrı mövzularda rezidentlər qarşısında çıxış etməsi hər zaman maraqla qarşılanır. Rezidentlərin özlərinin də seçdikləri ixtisas üzrə mühazirələr oxuması onlarda ikiqat məsuliyyət yaradır, gələcək fəaliyyətlərinə böyük stimul verir.
Seminarda çıxış edən Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli insultun ölüm hallarına görə dünyada ilk yerlərdən birini tutduğunu, həmçinin ağır əlilliyə gətirib çıxardığını söyləyib. Onun sözlərinə görə, məhz bu baxımdan insultla mübarizə aktual olaraq qalır, onun tiplərinin, risk faktorlarının araşdırılması və bu araşdırmalarda rezidentlərin iştirakı mühüm əhəmiyyət daşıyır.
Bu günkü seminar məşğələsinin işemik insultun etiologiyası, patogenezi, klinikası, müayinə və müalicəsinə həsr edildiyini bildirən Fizioterapiya və tibbi reablitasiya kafedrasının müdiri, dosent Paşa Mehdiyev insultun reablitasiyasının da aktual bir problem olduğunu diqqətə çatdırıb: “İnsult insanların həyat keyfiyyətinə, əmək qabiliyyətinə çox mənfi təsir göstərir. Hər il yeni müalicə üsulları tətbiq olunur. Ölkəmizdə də bu sahəyə xüsusi diqqət ayrılır. Biz də peşəkar kadrların hazırlanması üçün mümkün olanı etməyə çalışırıq. Hesab edirəm ki, bu seminar gənc rezidentlər, o cümlədən fizioterapiya və tibbi reablitasiya ixtisası üzrə təhsil alan tələbələr üçün maraqlı olacaq”.
Bundan sonra mövzuya dair məruzələrin təqdimatına başlanılıb. Nevrologiya kafedrasının dosenti Aygün Musayeva işemik insult haqqında danışaraq bildirib ki, bu xəstəlik həm yaşlı insanlarda əlilliyin aparıcı səbəbidir, həm də ki, onkoloji və ürək xəstəliklərindən sonra ölüm hallarının 3-cü səbəbi kimi göstərilir. Bundan əlavə, işemik insult müalicəsi böyük məsrəflər tələb edən bir xəstəlikdir. Xəstənin özünə, ailəsinə, eləcə də cəmiyyətə mənəvi və sosial yükdür. İşemik insultun risk faktorlarından və əlamətlərindən söhbət açan mütəxəssis qeyd edib ki, bu əlamətlərin davamı 24 saatdan çox olduqda, həmçinin KT və MRT-də ocaqlar göründükdə işemik insult diaqnozu qoyulur. Ən vacibi müalicənin vaxtında aparılmasıdır ki, əlilliyin və ölümün qarşısını almaq mümkün olsun.
Seminarda rezidentlərin məruzələri də dinlənilib. Nevrologiya kafedrasının rezidenti Jalə İbrahimova işemik insultun klinik halından, Fiziotrapiya kafedrasının rezidenti Ləman Bəşirli isə insultdan sonrakı reablitasiya tədbirlərindən danışıblar.
Geniş diskussiya şəraitində keçən seminarda məruzəçilər mövzuya dair sualları cavablandırıblar.