Saatlı sakinləri pulsuz müayinə olundu

   Milli Məclisin 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən seçilmiş deputatı, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun təşəbbüsü ilə Saatlı rayonunda pulsuz tibbi müayinə aksiyası keçirilib. Aksiya çərçivəsində rayonun bir neçə kəndinin sakinləri Saatlıya ezam olunmuş həkim briqadası tərəfindən pulsuz müayinədən keçiriliblər.

   Həkim briqadası yola düşməzdən əvvəl akademik Əhliman Əmiraslanov onlarla görüşüb, bu cür aksiyada könüllü iştirak etdiklərinə görə təşəkkürünü bildirib. Millət vəkili qeyd edib ki, belə müayinələr bir sıra xəstəliklərin vaxtında aşkarlanmasına, patologiyaların qarşısının aılnmasına kömək edir: “Bu, çox böyük bir işdir. Rayonlarımızda hər cür avadanlıqlarla təchiz olunmuş klinikalar, xəstəxanalar fəlaiyyət göstərir. Lakin bəzi sahələrdə mütəxəssislərə ehtiyac duyulur. Bu baxımdan,  kampaniyanın böyük əhəmiyyəti var”.

   İki gün ərzində Saatlının bir neçə kəndində müayinə aparacaq həkim briqadasına bu gün 230 nəfərdən çox müraciət olub. Onlar əsasən göz ağrılarından, ürək nahiyyəsində olan narahatlıqlardan və s. şikayət ediblər. Müayinələrdən sonra səhhətində problem olan bəzi sakinlərə həkim-mütəxəssislər tərəfindən məsləhətlər verilmiş və müvafiq müalicə təyin olunmuş, bəziləri isə stasonar şəkildə  müalicə olunmaq üçün Bakıya göndərilmişdir.

   Saatlıda əhalinin pulsuz müayinəsi kampaniyasında müxtəlif ixtisaslı həkim-mütəxəssislər - Əmənullayev Nuran (nevropatoloq), Səmayə Əliyeva (endokrinoloq), Vüsal Kərimov (pediatr), Mehriban Səmədova (USM həkimi), Ağayev Elçin (cərrah), Hafiz Qəhrəmanov (oftalmoloq), Nüşabə Əlişova (ginekoloq), Afil Nuriyev (daxili xəstəliklər), Həqiqət Vəliyeva (onkoloq), Şirazi İbrahimov (LOR - burun-qulaq-boğaz xəstəlikləri), Emil Əliyev (dəri-zöhrəvi xəstəlikləri) iştirak ediblər.

   Qeyd edək ki, son illər  Əhliman Əmiraslanovun təşəbbüsü ilə Saatlı, Sabirabad və Kürdəmir rayonlarında əhalinin pulsuz tibbi müayinəsinin aparılması bir ənənə halını almışdır. Belə ki, növbəti belə müayinə aksiyasının 24-25 aprel tarixlərində Sabirabad, 1-2 may tarixlərində isə Kürdəmir rayonunda həyata keçirilməsi nəzərdə tutulur.