Bu günlərdə Azərbaycan Tibb Universitetinin Tələbə Gənclər Təşkilatının nəzdində "First” klubun açılışı olub. Tədbirdə təşkilatın sədri Tural Əzizov ATU-nun Tələbə Gənclər Təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat verib. Daha sonra “First klub”un sədri Məhəmməd Məmmədov klubun yaradılmasının məqsədi, nəzərdə tutulan işlər, gələcək planları barədə çıxış edib. Tələbə Gənclər Təşkilatının nəzdindəki "Sağlam Həyat" mərkəzinin rəhbəri Türkan Nəsibova da mövzunu davam etdirərək yeni klubun tələbələrə verəcəyi imkanlardan söz açıb. Qeyd olunub ki, Azərbaycan Tibb Universitetinin Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyətə başlamış “First klub” tələbələrin universitetin ictimai həyatında fəallığını artırmaq, asudə vaxtlarının səmərəli təşkilini, habelə qruplar və fakültələr arasında sıx əlaqələr yaratmaq məqsədi ilə təsis edilmişdir.
Klubun başlıca yaradılma səbəbi Azərbaycan Tibb Universiteti tələbələrinin gərgin dərs günündən sonra tələbəlik həyatını maraqlı keçirməsi üçün bir sıra seminarlar, təlimlər, festivallar, müxtəlif görkəmli şəxsiyyətlərlə görüşlər təşkil etməkdir. Bir sözlə tələbələrin asudə vaxtlarını və tələbəlik illərini səmərəli, maraqlı keçirməsinə yardımçı olmaqdır. Eyni zamanda klubun digər fəaliyyət istiqaməti ATU-nun tələbələri arasından təlim deyə biləcək tələbələrin yetişdirilməsidir.
Rəsmi hissədən sonra tələbələr üçün ilk təlimə start verilib. ATU-nun V kurs tələbəsi Yusif Seyidov “İlk addım” mövzusunda fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Qeyd olunub ki, gənclər müstəqil həyata qədəm qoyduqda ilk addımı atmazdan öncə yaxşı düşünməlidirlər. Çünki hər bir qərar insan həyatını kökündən dəyişdirəcək dərəcədə təsirli ola bilər. Sonra psixoloq İzzət Rəhimova “Gənclərdə liderlik xüsusiyyətinin formalaşdırılması” mövzusunda çıxış edib. O, karyera qurulmasında insanın şəxsi keyfiyyətləri və bacarıqlarının xüsusi rol oynadığını vurğulayıb. Məhz buna görə də, daim öz bilik və bacarıqlarını inkişaf etdirməyə ehtiyac olduğunu bildirib. Psixoloq qeyd edib ki, gənclər güclü idarəetmə qabiliyyətinə, uzaqgörənlik, yaradıcılıq, motivasiya və s. kimi xüsusiyyətləri inkişaf etdirməyə həvəsli olmalıdırlar. Tədbirin yekununda tələbələri maraqlandıran suallara ekspertlər tərəfindən cavab verilib.