Bu gün Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov ali məktəbin rəhbər heyəti ilə görüş keçirib. Görüşün məqsədi yaxın günlərdə başlanacaq yay imtahan sessiyasından öncəki vəziyyətlə bağlı məlumat almaq, imtahanlara hazırlıq vəziyyətini müzakirə etməkdən ibarət olub. Qeyd edək ki, son illər Azərbaycan Tibb Universitetində bütün imtahanlar insan faktoru olmadan - test üsulu ilə, kompyüterlər vasitəsilə aparılır.
Artıq ənənə halını alan görüşdə akademik Ə.Əmiraslanov qeyd edib ki, bu semestr, Azərbaycanda keçiriləcək tarixi tədbir - “Bakı 2015” Avropa Oyunlarına görə bir qədər qısaldılıb. Buna görə də Tibb Universitetində may ayının sonuna kimi imtahanlar başa çatdırılmalıdır. Ə.Əmiraslanov “Bakı 2015” Avropa Oyunlarının ölkəmiz üçün daşıdığı siyasi və ictimai əhəmiyyətindən danışaraq bildirib ki, bu idman yarışı bütün qitənin tarixində qalacaq bir hadisə olacaq. Rektor ATU tələbələrinin böyük qisminin Avropa Oyunlarında könüllü kimi iştirak edəcəyini də vurğulayıb və onlara uğurlar arzulayıb.
Daha sonra imtahanların keçırıldiyi Virtual Test Mərkəzinin direktoru dosent Şahin Bayramov çıxış edərək imtahanlara texniki hazırlıqların uğurla başa çatdığını bildirib. Qeyd olunub ki, hazırda ATU-nun Əczaçılıq fakültəsinin IV kurs tələbələrinin dövlət imtahanlarına start verilib.
Görüşdə iştirak edən fakültə dekanları isə tələbələrin imtahana hazırlıq səviyyəsinin yoxlanılması, dövlət attestasiyası və semestr imtahanlarına hazırlığın vəziyyəti haqqında məlumat verdilər.
Tibb Universitetinin tədris-hissə müdiri dosent Nəsimi Qasımov Nazirlik tərəfindən fakültələr üzrə təyin edilən attestasiya komissiyaları haqqında məlumatı görüş iştirakçılarının diqqətinə çatdırdı.
ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Cahangir Qasımov isə bu il Universitetdə “Məzun günü”nün may ayının 27-i saat 17:00-da keçiriləcəyini bildirdi.
Görüşdə qeyd olundu ki, Universitetdə imtahanların gedişi zamanı yarana biləcək anlaşılmazlıqları operativ həll etmək məqsədilə appelyasiya komissiyaları və qaynar xətt təşkil edilmişdir.