Professor Sabir Əliyev: İmtahan ekspertlərinin fəaliyyətinin qiymətləndirilməsi nəzərdə tutulur

 Qış imtahan sessiyasından yüksək nəticələr gözləyirik

Professor Sabir Əliyev: İmtahan ekspertlərinin fəaliyyətinin qiymətləndirilməsi nəzərdə tutulur

Müsahibimiz ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyevdir. Onunla ilayrıcında görüşdük. Ötən ili dəyərləndirdik, bu ildən söhbət açdıq.

- Sabir müəllim, başa vurduğumuz 2023-cü ildə Azərbaycan Tibb Universitetində tədrisin ümumi vəziyyətini necə qiymətləndirirsiniz? Ötən il universitetimizin həyatında hansı əlamətdar hadisələrlə yadda qaldı?

- Təbiidir ki, hər tədris ilinə əsas hazırlıq tədris ilinin başlanğıcında, yəni sentyabrda yekunlaşır. Aidiyyəti dekanlıqlar, kafedralar demək olar ki, tədrisin vəziyyətinin attestasiyasını aparır, tədrisə hazırlığın səviyyəsini yoxlayırlar. Bu proses ilk növbədə tədris şəraitinin hansı vəziyyətdə olmasından asılıdır. Əvvəlcə proqrama uyğun tematik mövzular kafedra iclaslarında təsdiqlənir və hər il kafedra tərəfindən tərtib olunan yeni mövzular əlavə edilir. Əgər təməl kafedralarda laboratoriya işləri, eksperimental tədqiqat varsa, yoxlanılmalıdır. Kliniki kafedralarda isə proqrama, tematik mövzuya uyğun xəstələrin olması haqqında məlumat verilməlidir. Onu da bildirməliyəm ki, nəzəri kafedralarla müqayisədə kliniki kafedralarımızda tematik mövzuların xəstələr üzərində tələbələrə tədrisində müəyyən problemlər var. Düşünürəm ki, gələcəkdə klinikalarımızda xəstələrin sayını artıra bilsək, tələbələr nəzəri biliklərini xəstə üzərində daha da təkmilləşdirər, eyni zamanda praktik cəhətdən hazırlıqları yüksələr.

Azərbaycan Tibb Universitetində həyata keçirilən yeniliklərdən biri də cari tədris ilində Tibb və sağlamlıq elmləri və Təcili tibb kafedralarının fəaliyyətə başlamasıdır. Tibb və sağlamlıq elmləri kafedrasında tədrislə yanaşı, universitetin professor və müəllim heyətinə təlimlər də keçilir. Təcili tibb kafedrasının yaradılmasında isə əsas məqsəd təcili tibbi yardım sisteminin təkmilləşdirilməsidir. Proqramların dünyanın qabaqcıl ali təhsil müəssisələrinin tədris proqramlarına uyğunlaşdırılması baxımından yeni kafedranın təşkilini məqsədəuyğun hesab etdik. Yaz semestrində isə stomatologiya ixtisası üçün Ortodontiya kafedrası fəaliyyətə başlayacaq.

2023-cü il həm də universitetimizin növbəti attestasiyadan da uğurla keçməsi, beynəlxalq reytinq cədvəlində yüksək yer tutması, eləcə də “Heydər Əliyev İli” çərçivəsində beynəlxalq konqres və konfranslara ev sahibliyi etməsi kimi əlamətdar hadisələrlə yadda qaldı.

- Cari tədris ilinin aralıq imtahanlarının nəticələri və payız semestrinin qış imtahan sessiyasına hazırlıq hansı səviyyədədir? Gözləntiləriniz nədir?

- Aralıq imtahanlarının nəticəsi qənaətbəxşdir. Ancaq müstəsna hallar var ki, bəzi tələbələr vaxtında imtahanlara gəlmir. İmtahan Mərkəzinin direktoru bu haqda bizə məlumat verdikdə, bütün dekanlıqlara tapşırdıq ki, tələbələrlə ciddi iş apararaq onların imtahanlara vaxtında gəlməsini təmin etsinlər. Çünki bu gecikmələr həmin tələbələrin imtahanlara buraxılmaması və qiymətlərinin sıfırlanması ilə nəticələnir. Təşkilati iş gücləndirilməlidir ki, bütün tələbələr bu imtahanlarda iştirak edə bilsinlər. Problemin aktuallığını nəzərə alaraq bu yaxınlarda ATU-nun imtahan ekspertlərinin geniş tərkibdə görüşünü keçirdim. Həmin görüşdə də xatırlatdım ki, tədrisin keyfiyyətinin yüksəldilməsi daim universitet rəhbərliyinin qarşısında duran əsas məsələlərdəndir. Qiymətləndirmə prosesinin daha ədalətli aparılması üçün test suallarının düzgün tərtibi çox önəmlidir.

Payız semestri ilə bağlı qeyd edə bilərəm ki, istər universitet rəhbərliyi, tədris şöbəsi, istərsə də dekanlıqlar və kafedralar ilboyu tədrisin və tədris-metodiki işin keyfiyyətini yaxşılaşdırmağa çalışıb. Beləliklə, nəinki ölkəmizdə, hətta dünyanın inkişaf etmiş ölkələrində rezidentura və mağistraturada təhsilini davam etdirə bilən və həmçinin praktik sahədə fəaliyyət göstərən gənc həkim, hərbi həkim, əczaçı və hərbi feldşer kadrlarını hazırlamağı qarşımıza əsas məqsəd kimi qoymuşuq. Elə hazırlıq işləri də bu amillər nəzərə alınmaqla aparılıb. Ona görə qış imtahan sessiyasından da yüksək nəticələr gözləyirik.

- Məlumdur ki, imtahanların kompüterlə aparılması obyektivliyin və şəffaflığın təmin olunmasında, subyektiv təsirlərin aradan qaldırılmasında mühüm rol oynayır. Bu istiqamətdə görülən işləri qənaətbəxş hesab etmək olarmı?

- Doğrudur, imtahanların bu cür aparılması obyektivliyi, şəffaflığı, ədalətli olması, tələbələr üçün bərabər şəraitin yaradılması, subyektiv təsirlərin aradan qaldırılması, ictimai rəyin müsbət istiqamətdə dəyişməsi ilə fərqlənir. Eyni zamanda test üsulunun təkmilləşdirilməsinə böyük ehtiyac duyulur. Belə ki, tərtib edilən testlərin düşündürücü olması, onlara situasiya məsələlərinin daxil edilməsi, tapmaca, əzbərləmə elementlərinin aradan götürülməsi, ilbəil məxfi sualların artırılması təmin edilməlidir.

Təəssüf ki, bəzən proqrama uyğun olmayan testlər hazırlayaraq proqramı qabaqlayırlar. Adətən ara sorğularında tələbələrə mühazirə kursunun materialları yox, yalnız məşğələdə keçilən mövzulara dair suallar verilməlidir. Ara sorğularına proqramdan kənar suallar salınmamalıdır. Çünki kompüterlə gedən imtahanlarda düzgün qoyulmamış bir-iki sual onlarla, yüzlərlə tələbəyə düşür və haqlı narazılığa səbəb olur. Belə sualları vaxtında ləğv etməyə çalışırıq ki, gələcəkdə imtahan verən tələbələrin qarşısına çıxmasın. Bu cür hallar bəzi kafedralarda müəllimlərin, ekspertlərin məsuliyyətsizliyi ucbatından baş verir.

- Yeri gəlmişkən, bəzən test suallarında müəyyən qüsurların olması haqqında danışılır. Həmin qüsurların aradan qaldırılması üçün hansı addımlar atılır? Kafedraların, test tərtibçilərinin və ekspertlərin üzərinə hansı məsuliyyət düşür?

- Təəssüf hissi ilə bildirməliyəm ki, bəzi test sualları hələ də qüsurludur, hər tədris ilində testlərin 20-25 faizinin yenilənməsi tələbinə bəzi kafedralarda əməl olunmur. Narahatlıq doğuran məsələlərdən biri də testlərin tələbələrə sızmasıdır. Bu şikayətlər İmtahan Mərkəzi və kafedralar üçün ciddi bir siqnaldır və lazımi ölçülər götürülməlidir. Öz işinə məsuliyyətlə yanaşan kafedralarda testlərin tərtibində heç bir problem yaranmır, həmçinin tələbələrin həmin fənləri mənimsəmə səviyyəsi də qaydasında olur. Ancaq vəziyyət bütün kafedralarda belə deyil. Bir məqamı da vurğulamaq istərdim ki, imtahan suallarını hazırlayan kafedraların ekspertlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar ildə 4 dəfə -  iki dəfə aralıq sorğularına, 2 dəfə isə imtahanlara test sualları hazırlamaqla gərgin işləyirlər. Hörmətli rektorla da bu barədə söhbətimiz olub. Nəzərdə tutmuşuq ki, imtahan ekspertlərinin işinə də müvafiq qiymət verilsin.

 

- Universitetimizdə təhsil almaq üçün müraciət edən xarici tələbələrin sayı ildən-ilə artır. Onlarla iş necə tənzimlənir?

- Xarici tələbələrlə işlərimiz yaxşı gedir. Ötən illərdə davamiyyətdə müəyyən narahatlıqlar nəzərə çarpsa da, bu il ciddi problemlərlə rastlaşmadq. Sevindirici haldır ki, xarici tələbələrimizin sayı da ilbəil artır. Bu isə onlara dərs keçən müəllimlərin səviyyəsinin yüksəldilməsini zərurətə çevirir. Rektorumuz bununla bağlı universitetdə əlverişli şərait yaradıb. Xarici dili yüksək səviyyədə bilən müəllimlər universitetə dəvət edilir, müəllimlərin hazırlıq səviyyəsinin yüksəldilməsi üçün dərslər təşkil olunur. Universitetimizin beynəlxalq sertifikasiyadan keçərək ölkə hüdudlarından kənarda da kifayət qədər tanınması üstünlüklərimizi artırır. Belə ki, daha çox sayda əcnəbi vətəndaş universitetimizə maraq göstərir. Statistikaya nəzər yetirsək görərik ki, onların əksəriyyəti Pakistan və Hindistandan gəlir. İngilis dili bilgiləri də normaldır. Müəllimlərimiz gərək həmin tələbələrin səviyyəyə uyğun tədris apara bilsinlər. Xarici tələbələr Azərbaycan dilini də yaxşı öyrənməlidir. Ona görə də hazırlıq kurslarında çalışan Xarici dil kafedrasının, xüsusən Azərbaycan dili kafedrasının müəllimləri həmin tələbələri elə hazırlamalıdırlar ki, onlar klinikalarda xəstələrlə ünsiyyət zamanı Azərbaycan dilində sorğu aparmaq qabiliyyətinə malik olsunlar.

- Azərbaycan Tibb Universitetinin bir özəlliyi də odur ki, burada tibbi təhsillə paralel olaraq müalicə işləri də aparılır. Universitetin müxtəlif yönümlü klinikalarında hazırkı durum necədir?

- Müalicə işlərindən söz düşmüşkən, əvvəlcə onu bildirim ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının kliniki bazası olan Bakı Sağlamlıq Mərkəzində Tədris Simulyasiya Mərkəzi yaradılıb. Filialla universitetimiz arasında mövcud olan müqaviləyə əsasən, tələbələrimiz və rezidentlərimiz burada bütün ixtisaslar üzrə praktik bacarıqlarını təkmilləşdirir, yeni bacarıqlara yiyələnirlər.

Mərkəzin endoskopiya, USM, ginekologiya, reanimasiya, xəstəyə qulluq və təcili yardım otaqlarında robot-simulyatorlar üzərində manipulyasiyalar aparan tələbələr, həmçinin 5 bacarıq fənninin - Venadaxili inyeksiyalar, Təcili tibbi yardım, Dispanserizasiya, Fiziki müayinə, Təməl ürək və ağciyər reanimasiyası fənlərinin 3 mərhələli şəkildə həyata keçirilən tədrisində iştirak edirlər.

Tədris Simulyasiya Mərkəzində xarici ölkələrin səhiyyə mütəxəssislərinin zəngin təcrübəsindən yararlanaraq beynəlxalq standartlara uyğun olan təlim proqramlarından istifadə edilir.

Klinikalarımızın hazırkı durumuna gəldikdə isə, etiraf etməliyik ki, müəyyən çətinliklər var. Əsas çətinlik isə xəstələrin yetərincə olmamasıdır. Universitet rəhbərliyi də bu problemlə ciddi məşğuldur, rektor klinika rəhbərlərinin qarşısında konkret vəzifələr qoyub. Artıq Tədris Cərrahiyyə Klinikasında müəyyən irəliləyişlər nəzərə çarpır, müraciət edən pasiyentlərin sayı çoxalmaqdadır. Amma hələlik Tədris Terapevtik Klinikada xəstələrin sayını artıra bilməmişik. İnanıram ki, yaxın gələcəkdə terapiya yönümlü klinikada da xəstələrin sayının artırılması və kliniki kafedraların müəllimlərinin daha aktiv şəkildə müalicə işinə cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görüləcək. Nəticədə tələbələrin də praktiki vərdişlər qazanmasına, xəstə üzərində işləməsinə şərait yaranacaq.