Yanvarın 26-da “Baku Marriott Hotel Boulevard”da Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Türk Ortopedi və Travmatoloji Kafedrasının və Kalça-Diz Artroplastika Dərnəyinin (KADAD) birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən “22-ci Təməl Artroplastika Kursu”nun açılış mərasimi olub.
Əvvəlcə torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalmış həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının, Türkiyə Cümhuriyyətinin dövlət himnləri səsləndirilib.
Bundan sonra tədbirin aparıcısı, Hərbi tibb fakültəsinin II kurs tələbəsi Hidayət Kazımzadə açılış nitqi ilə çıxış etmək üçün sözü ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərova verib. Bu tədbiri Azərbaycan Travmatologiya və Ortopediya Cəmiyyətinin böyük uğurunun bir göstəricisi kimi dəyərləndirən prorektor bildirib ki, müasir dövrdə səhiyyənin ən vacib istiqamətlərindən biri də diz-oynaq artroplastikasıdır: “Səhiyyə Nazirliyinin dəstəyi sayəsində son dövrlərdə bu sahəyə xüsusi diqqət göstərilir. Belə ki, Azərbaycanda diz-oynaq əməliyyatları son illərdə 3 dəfədən çox artıb. Bugünkü tədbirin bir önəmi də ondan ibarətdir ki, həmişə olduğu kimi, qardaş Türkiyənin alimləri yenə yanımızdadır. Fürsətdən istifadə edib onların hər birinə öz təşəkkürümü bildirirəm. Onu da diqqətinizə çatdırım ki, son illərdə ATU-nun Travmatologiya və ortopediya kafedrası və Türkiyənin Kalça-Diz Artroplastika Dərnəyinin müştərək fəaliyyəti öz bəhrəsini verməkdədir”.
Artroplastika kursunda aktual problemlərə dair maraqlı məruzələrin dinləniləcəyinə inandığını söyləyən prorektor, çıxışının sonunda tədbir iştirakçılarına universitetin rektoru, professor Gəray Gəraybəylinin salamlarını çatdırıb və konfransın işinə uğurlar arzulayıb.
Kursun həmsədri, professor Eldar Abbasov ATU-nun Travmatologiya və ortopediya kafedrasının KADAD ilə əvvəllər də birgə tədbirlər keçirdiyini xatırladaraq vurğulayıb ki, bu günkü kursun əhatə dairəsi daha genişdir. O, diz və böyük oynaqların artroplastikası, süni oynaqlarla əvəz edilmənin daim təkmilləşdiyini diqqətə çatdırıb. Eyni zamanda KADAD-ın ölkəmizdəki xidmətlərindən məmnunluqla söhbət açıb və qardaş Türkiyədə təhsil alaraq artroplastika sahəsində uğurla çalışan ortopedlərimizə tövsiyələrini verib.
Tədbirdə Kalça-Diz Artroplastikası Dərnəyinin sədri, kursun həmsədri, professor Emre Toğrul da çıxış edərək bildirib ki, bu kurs xüsusən bud-çanaq və diz oynaqları artroplastikası üzrə təlim almaq istəyən gənc həkimlər və biliklərini yeniləmək istəyən mütəxəssis ortoped-travmatoloqlar üçün təkcə nəzəri biliklər verməklə məhdudlaşmır. Həm də maket sümüklər üzərində praktik tətbiqlərlə onların bilik və bacarıqlarını yeniləmək məqsədi daşıyır. Qeyd olunub ki, kurs iştirakçılarına artroplastika üzrə təcrübəli mütəxəssislərin töhfələri ilə həm dəyirmi masa arxasında, həm də təqdimatlarda praktik və nəzəri müzakirə imkanları yaradılacaq.
Açılış mərasiminin sonunda Azərbaycanda ortoped və travmatoloqların yetişməsində böyük xidmətləri olan türkiyəli professorlar İlker Çetin, Emre Toğrul və Rəmzi Tözünə plaketlər təqdim olunub.
Məlumat üçün bildirək ki, 100-ə yaxın iştirakçının qeydiyyatdan keçdiyi kursun ilk günü bud-çanaq oynağının artroplastikasına, ikinci günü isə diz artroplastikasına həsr edilib. Kurslarda Türkiyədən və Azərbaycandan olan mütəxəssislərin çıxışları, müxtəlif formatlı təqdimatlar və mühazirələr baş tutacaq, ümumi müzakirələr və praktik məşğələlər keçiriləcək.