Türkiyə, İngiltərə, İtaliya, Yunanıstan, Rusiya, eləcə də ölkəmizdən 200-dək mütəxəssis fikir mübadiləsi aparıb
Azərbaycan Uroloqlar Assosiasiyası və Azərbaycan Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Uroloqlarının XXI Simpoziumu və II Beynəlxalq Bakı Androloji Zirvəsi keçirilib.
Dövlət Himnimizin səsləndirilməsi ilə başlayan simpoziumu giriş nitqi ilə açan AMEA-nın müxbir üzvü, ATU-nun Urologiya kafedrasının məsləhətçi professoru Sudeyf İmamverdiyev bildirib ki, Azərbaycan Uroloqlarının XXI Simpoziumu və II Beynəlxalq Bakı Androloji Zirvəsi kimi möhtəşəm tədbirlərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi çərçivəsində baş tutması onu daha da əlamətdar edir. O qeyd edib ki, müasir dünyada tibbi texnologiyaların sürətlə inkişafı baxımından bu tədbirlərin keçirilməsi günün tələblərinə uyğun olmaqla yanaşı, həm də Azərbaycanda və qardaş Türkiyədə urologiyanın inkişafına böyük təkan verəcək.
Simpoziumun plenar iclasında çıxış edən Türk Uroloji Assosiasiyasının fəxri sədri, professor Ateş Kadıoğlu Azərbaycanın ikinci dəfə müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi, tibbin urologiya sahəsində də ikitərəfli əlaqələrin genişləndiyini, eləcə də ortaq layihələrin həyata keçirildiyini xatırladıb. Çıxışında urologiyanın aktual problemlərinə toxunan türkiyəli professor bugünkü toplantının əhəmiyyətini xüsusi qeyd edib. O, simpoziuma tanınmış alimlərdən ibarət nümayəndə heyəti ilə gəldiklərini və öz təcrübələrini bölüşəcəklərini diqqətə çatdırıb. A.Kadıoğlu gələcəkdə Azərbaycan və Türkiyə uroloqlarının vahid birliyini yaratmaq arzusunu da dilə gətirib və toplantının işinə uğurlar diləyib.
Bundan sonra ATU-nun Urologiya kafedrasının müdiri, professor Rauf Nağıyev və digər tanınmış alimlərin moderatorluğu ilə simpozium öz işinə davam edib. Məruzəçilər urologiya və andrologiyanın aktual problemlərinə dair məruzələrlə çıxış ediblər.
Simpoziumun yekununda mütəxəssislərin geniş tərkibdə müzakirələri baş tutub. Çıxışlarda qeyd olunub ki, aparılan müzakirələr gələcəkdə xəstələrin müalicə olunmasına öz müsbət effektini göstərəcək. Bildirilib ki, bu sahə üzrə aparılan müasir müalicə üsullarının tətbiqi, urologiya və andrologiya sahəsində ən yeni avadandıqların istifadə edilməsi, eləcə də əldə edilən müsbət nəticələrin mübadiləsi hər kəs üçün faydalı olacaq.
Toplantıda məlumat verilib ki, urologiya üzrə dünyada tanınmış alim, Türkiyə Uroloji Dərnəyinin fəxri sədri, professor Ateş Kadıoğlu simpoziumdan bir gün əvvəl ATU-nun Urologiya kafedrasının qonağı olub və onun rəhbərliyi ilə eyni zamanda üç mürəkkəb əməliyyat uğurla icra edilib.
Məlumat üçün bildirək ki, bir plenar və dörd panel iclasdan ibarət olan simpoziuma ATU-nun Urologiya kafedrasının məsləhətçi professoru Sudeyf İmamverdiyev və bu kafedranın professoru İlham Əhmədov sədrlik ediblər.
Simpoziumda Türkiyə, İngiltərə, İtaliya, Yunanıstan və Rusiyadan, eləcə də bu sahədə çalışan 200-dək yerli mütəxəssis iştirak edib.