Milli Məclisin 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən seçilmiş deputatı, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanovun təşəbbüsü ilə Sabirabad rayonunda tibbi müayinə aksiyası keçirilib. Aksiya çərçivəsində rayonun bir neçə kəndinin sakinləri Sabirabada ezam olunmuş həkim briqadası tərəfindən tibbi müayinədən keçiriliblər. Qeyd edək ki, belə bir aksiya ötən həftə də Saatlı rayonunda həyata keçirilmışdi.
Həkim briqadası yola düşməzdən əvvəl rektor Əhliman Əmiraslanov onlarla görüşüb, bu cür aksiyada könüllü iştirak etdiklərinə görə təşəkkürünü bildirib.
Sabirabad rayonunda tibbi müayinəyə gələn vətəndaşlar belə aksiyaların mütəmadi olaraq, hər il təşkil olunmasına görə deputat Əhliman Əmiraslanova və ezam olunmuş həkim briqadasına minnətdar olduqlarını bildirdilər. Müayinə zamanı müxtəlif ixtisaslı həkim-mütəxəssislər aşkar olunan patologiyalara müvafiq olaraq xəstələrə tibbi təyinat və məsləhətlər verdilər.
Bu təşəbbüs üçün ATU-nun bir çox mütəxəssisləri – tibb elmləri doktoru Musayev Xaləddin (cərrah), tibb üzrə fəlsəfə doktoru Hüseynova Venera (ginekoloq), tibb üzrə fəlsəfə doktoru Zülfiyev Qabil (oftolmoloq), tibb üzrə fəlsəfə doktoru Cəfərova İnarə (onkoloq), tibb üzrə fəlsəfə doktoru Şərifov Tahir (endokrinoloq), tibb üzrə fəlsəfə doktoru Əhmədov Gündüz (pediatr), Məmmədov Yaqub (USM), tibb üzrə fəlsəfə doktoru Qasımov Rauf (cərrah) və tibb üzrə fəlsəfə doktoru Cavadzadə Vüqar (infeksionist) iştirak etdilər.