ATU-nun Xarici Əlaqələr üzrə prorektoru, Terapevtik və Pediatrik propedevtika kafedrasının dosenti Rəhimə Qabulova Avstriyanın Zaltsburq şəhərində Tətbiqi klinik tədqiqat üzrə tibbi seminarda iştirak edib. 19-26 aprel tarixlərində keçirilən seminarda 30 ölkədən tibbin müxtəlif sahələrindən olan 32 mütəxəssis iştirak ediblər.Seminarda Filadelfiya Uşaq xəstəxanasının (ABŞ) professoru Dennis Dublin (kurs direktoru), dosent Sintia Mollen, Mark Zonfrillo, dosent Duqlas Vibe mühazirə oxumuşlar. Seminar zamanı Dos. R.Qabulova seminarların təşkilatçısı, Avstriya-Amerika Fondunun direktoru, klinik urologiya üzrə professor Volfqanq Aulitski ilə də görüşüb. Qeyd edək ki, Dr Aulitski ötən tədris ilində ATU-nun qonağı olub, rektor Əhliman Əmiraslanovla görüşüb. Səfər zamanı həmçinin ATU və AAF arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanmışdı. Müqavilədə Amerika-Avstriya Fondu ilə Azərbaycan Tibb Universitetinin bütün sahələrdə əməkdaşlığı, xüsusilə də gənc həkimlərin, müəllimlərin təkmilləşdirmə kurslarına qatılmasını, o cümlədən Amerikanın qabaqcıl universitetlərinin müəllimlərinin Azərbaycana dəvəti nəzərdə tutulub.
ATU-nun xarici əlaqələr üzrə prorektoru Rəhimə Qabulovanın sözlərinə görə, Dr Volfqanq Aulitski ilə görüş zamanı qarşılıqlı əməkdaşlığın gücləndirilməsi haqqında fikir mübadiləsi aparılıb. Bu ilin oktyabr ayında ATU-da kardiologiya üzrə seminarın təşkil olunması, bu tədbirə ABŞ və Avstriyadan mütəxəssislərin dəvət olunması qərara alınıb.