Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) ictimai fənnlər kafedrasında “Ulu öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyası milli-mənəvi dəyərlərin qorunub saxlanması və inkişafının təminatçısıdır” mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfransı ATU-nun ictimai fənnlər kafedrasının müdiri Qoşqar Əliyev açaraq, Ulu Öndərin Azərbaycan təhsilinə və Tibb Universitetinə göstərdiyi qayğısından söz açdı. O qeyd etdi ki, ümumilli lider Heydər Əliyev gənclərin yaxşı təhsil almasına, onların uğurlu karyera, gözəl gələcək qurmalarına çox diqqətlə yanaşıb.
Konfrans ATU tələbələrinin çıxışları ilə davam etdi. II Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Alimli Məhərrəm “Heydər Əliyevin Azərbaycan dilinə qayğısı”, I Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Əlizdə Nəzrin “Heydər Əliyev və gənclər strategiyası”, I Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Abdullayeva Aygül “Dünya miqyasında siyasətçi Heydər Əliyev”, I Müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi Mustafayeva Gülnar “Milli ləyaqətin formalaşması Azərbaycançılıq ideologiyasının mühüm amilidir”, Pediatriya fakültəsinin V kurs tələbəsi Əlibalayeva Adilə “Heydər Əliyev və Azərbaycanlı mentaliteti” mövzularında məruzə ilə çıxış etdilər.