Martın 6-da Azərbaycan Tibb Universitetində 20 mart - Ümumdünya Ağız Boşluğunun Sağlamlığı Gününə həsr edilmiş elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan ATU-nun Doktorantura və dissertantura şöbəsinin müdiri, Terapevtik stomatologiya kafedrasının professoru Rizvan Məmmədov bildirib ki, ilk dəfə 20 mart 2008-ci il tarixdə Ümumdünya Stomatoloqlar Federasiyası (FDI) tərəfindən təşkil olunan konfransın hər il keçirilməsi artıq bir ənənəyə çevrilib.
Əsas məqsəd ağız boşluğunun gigiyenasına və profilaktikasına diqqəti artırmaq, həkim-stomatoloqlara müraciət edənə qədər uşaqlarda ağız boşluğu gigiyenasına xüsusi önəm vermək, profilaktika tədbirlərinə erkən yaşdan başlamaq və həmin tədbirləri təkmilləşdirməkdir. Yəni ağız boşluğunun gigiyenasına və profilaktikasına uşaqlarda dişlərin çıxmağa başladığı dövrdən başlamaq tövsiyə olunur. Bu tövsiyələrə əməl olunduqda, ağız boşluğundakı stomatoloji xəstəliklərin təxminən 20-25 faiz azaldığı müşahidə edilir. Eyni zamanda diş həkimlərinin də ailə həkimi statusunda olmasının vacibliyini söyləyən professorun sözlərinə görə, bu zaman uşaqlarda qorxu, stress yaranmır, onlar gələcəkdə rahatlıqla stomatoloqlara müraciət edə bilirlər.
Ağız boşluğunun gigiyenası və profilaktikasının əhəmiyyətini vurğulayan R.Məmmədov konfransın işinə uğurlar arzulayıb və Ümumdünya Ağız Boşluğunun Sağlamlığı Gününə həsr edilmiş növbəti elmi-praktik konfransın bu ilin sentyabrında İstanbulda keçiriləcəyini diqqətə çatdırıb.
ATU-nun Uşaq stomatologiyası kafedrasının müdiri, əməkdar elm xadimi, professor Rəna Əliyeva da tədbirdə çıxış edərək diş həkimliyinin insanlara gərəkliliyi ilə fərqlənən, daim təkmilləşən peşələrdən biri olduğunu deyib. O, 1998-ci ildə yaradılmış Azərbaycan Stomatoloji Assosiasiyasının öz fəaliyyətini dünya standartlarına uyğun qurduğunu deyib: “ASA-nın fəaliyyətinin mühüm məqamlarından biri də onun öz çap orqanını – “Qafqazın stomatoloji yenilikləri” jurnalını yaratması idi. 2000-ci il sentyabrın 7-də Bakıda bu jurnalın 1-ci nömrəsinin təqdimatı olmuşdur. Redaksiya heyətinə yaxın və uzaq xarici ölkələrin görkəmli alimləri daxildir. Həmin dövrdə Cənubi Qafqazda ilk və yeganə stomatoloji jurnalın yaradılması stomatologiyanın, ümumilikdə tibbin elmi və praktik nailiyyətlərinin yayılmasına kömək etdi. Onun köməyi ilə xarici mətbuat orqanları, yaradıcılıq birlikləri, tibb müəssisələri ilə əlaqə qurulur”.
Uşaqların və yeniyetmələrin sağlamlıq vəziyyətinin millətin gələcəyini müəyyənləşdirdiyini bildirən professor R.Əliyeva qeyd edib ki, Avropa strategiyasının nəzarət etdiyi mühüm sahələrdən biri də diş sağlamlığıdır. Əsas meyarlardan biri isə diş kariyesi və periodontal xəstəliklərin sayının azaldılmasıdır.
ASA-nın sədri 10 il müddətdə yarım milyondan çox uşağı əhatə edən ağız gigiyenasını öyrətmək üzrə profilaktik stomatoloji proqramın həyata keçirildiyini vurğulayıb. Bu proqram ASA-nın stomatoloji xəstəliklərin profilaktikası sahəsində real nailiyyətlərinin göstəricisidir.
Onun sözlərinə görə, ASA yarandığı gündən etibarən hər il Ümumdünya Stomatoloqlar Federasiyasının FDI və ERO FDI konqreslərində iştirak edir və Azərbaycanın nümayəndə heyətinin FDI Ümumdünya Konqresinə səfərlərini təşkil edir. Fərəhləndirici haldır ki, 2016-cı ildə Bakıda ÜSB (FDİ) Avropa Regional Parlamentinin (ERO) illik plenar sessiyası keçirilib. Həmin tədbirdə FDİ prezidenti və 37 Avropa ölkəsinin stomatoloji təşkilatlarının birinci şəxsləri iştirak ediblər. Bu illər ərzində ASA həm yerli, həm də xarici peşəkar icmaların bərabərhüquqlu tərəfdaşına çevrilib.
Bundan sonra elmi-praktik konfrans elmi tədqiqatların təqdimatı ilə öz işini davam etdirib. Dosent Gülşən Zeynalovanın “Oral-B-iO 9 diş fırçasının təqdimatı”, assistent Fəridə Yaqubovanın “Ağız və diş xəstəliklərinin tibbi, psixososial və iqtisadı təsirinin qiymətləndirilməsi”, dosent Elnur İmanovun isə “Uşaqlarda periodont toxumalarının iltihabı xəstəliklərinin kompleks müalicəsi” mövzusunda məruzələri dinlənilib.
Konfransda ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov, müvafiq kafedraların aparıcı mütəxəssisləri, rezidentlər və tələbələr iştirak ediblər.