Bu il Azərbaycanda Qızıl Aypara Cəmiyyətinin yaranmasının 95-ci ili tamam olur. Bu münasibətlə Qızıl Aypara Cəmiyyəti öz missiyasına uyğun olaraq silsilə humanitar tədbirlər həyata keçirir.
Qızıl Aypara Cəmiyyəti tərəfindən Azərbaycanda keçirilən tədbirlərdən biri də qanvermə aksiyasıdır. Fəxrlə qeyd etmək istəyirik ki, belə aksiyalardan biri bu günlərdə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris - cərrahiyyə klinikasında təşkil edilmişdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibinin müavini Ceyhun Mirzəyev qeyd edib ki, qanvermə aksiyalarının təşkilində məqsəd ölkəmizdə könüllü qan donorluğu sahəsinin inkişafına yardımçı olmaqdır: “Bu aksiyalar mütəmadi olaraq həm Bakıda, həm də Azərbaycanın bölgələrində təşkil olunur. Tibb Universitetində təşki edilən aksiya bu il ərzində keçirdiyimiz ikinci tədbir idi”.
Tədris - cərrahiyyə klinikasında təşkil edilən aksiyada 70 nəfərə yaxın könüllü iştirak edib, qan veriblər. C.Mirzəyev aksiyanın yüksək səviyyədə təşkilinə görə təmsil etdiyi təşkilatın rəhbərliyi adından Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanova, o cümlədən ATU-nun Tədris - cərrahiyyə klinikasının kollektivinə təşəkkürünü bildirir.
Qeyd edək ki, bu tədbirin təşkilində qan donorluğunun inkişafına dair işçi qrupun üzvləri də yaxından iştirak ediblər. Sözügedən İşçi Qrup ötən ilin iyununda yaradılıb. Bu qurumun uğurlu və faydalıəməkdaşlığı sayəsində Azərbaycanda Gənc Qan Donorlarının 1 Forumu təşkil olunub.