Azərbaycan Tibb Universitetində 2014/2015-ci il tədris ili üçün imtahan sessiyasasına start verilib. Bununla əlaqədar olaraq ATU rektoru, akademik Əhliman Əmiraslanov imtahan komissiyasının sədrləri ilə görüşüb.
Akademik Ə.Əmiraslanov görüş iştirakçılarına Azərbaycanda keçiriləcək tarixi tədbir - “Bakı 2015” Avropa Oyunları iləəlaqədar tədris ilinin müddətinin bir qədər azaldılması haqqında məlumat verib: “Bildiyiniz kimi, buna görə imtahan sessiyası həmişə olduğundan daha tez başlayıb. Buna baxmayaraq, hər il olduğu kimi bu dəfə də sessiyanın yüksək səviyyədə təşkilinə nail olacağıq”.
Rektor qeyd edib ki, son illər ərzində ATU-da buraxılış dövlət attestasiyası yüksək səviyyədə təşkil olunub: “Son illərdə imtahanların təşkili, keçirilməsi ilə bağlı heç bir şikayət daxil olmur. Təqdirəlayiq haldır ki, bu məsələdə ciddi irəliləyiş var. Əminəm ki, hər il imtahan sessiyaları, buraxılış imtahanlarının təşkilində daha mükəmməl təşkil olunacaq”.
Daha sonra yay imtahan sessiyası, həm də buraxılış dövlət attestasiyasına hazırlıq işlərinin yekunlaşması, imtahanların gedişi və qaydaları haqqında məlumatlar səsləndirilib. Qeyd olunub ki, artıq imtahan cədvəlləri, biletlər təsdiqlənib, dövlət attestasiyasına başlanılıb. Həmçinin, imtahan komissiya sədrləri prosesin daha mütəşəkkil təşkili üçün təkliflərini bildiriblər.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetində imtahan sessiyası mayın 25-nə kimi davam edəcək.