Bu gün Azərbaycan Tibb Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Toplantıda Tibb Universitetinin kollektivi ilə yanaşı millət vəkilləri, tanınmış ictimai-siyasi xadimlər, KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov ümummilli lider Heydər Əliyevin həyat yoluna nəzər salaraq, rəhbər dövlət vəzifələrində çalışdığı müddətdə gördüyü işlər və həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. Millət vəkili Ə.Əmiraslanov Heydər Əliyevin çox çətin bir dövrdə Azərbaycan xalqının tələbi ilə Respublikanın siyasi rəhbərliyinə qayıtdığını vurğulayaraq qeyd edib ki, ümummilli liderin rəhbərliyi altında qısa müddət ərzində ölkədə ordu və dövlət quruculuğu, ölkədaxili sabitlik və təhlükəsizlik təmin edilib. Onun rəhbərliyi ilə Azərbaycanın beynəlxalq əlaqələri inkişaf etdirilib, yeni neft-qaz strategiyasının və uzunmüddətli iqtisadi inkişafın əsasının qoyulması kimi iri miqyaslı tədbirlər həyata keçirilib. Qeyd olunub ki, Azərbaycanın müasir inkişafı bu dahi şəxsin adı ilə bağlıdır.
Rektor Ə.Əmiraslanov ümummilli liderin müəyyən etdiyi siyasi xəttin davamı olaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bu gün siyasi, iqtisadi, sosial, humanitar və sair sahələrdə əldə etdiyi nailiyyətlərin və inkişafın Azərbaycan modeli haqqında tədbir iştirakçılarına məlumat verib.
Daha sonra səhiyyə nazirinin müavini Elsevər Ağayev, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, YAP-ın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı çıxış ediblər. Qeyd olunub ki, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olan Heydər Əliyev irsi əbədi olaraq Azərbaycan xalqının yaddaşında xoş xatirələrlə qalacaq.
Tədbirdə H.Əliyevin rəhbərliyi dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən söz açılıb, digər dövlət xadimlərinin və siyasətçilərin ümummilli liderlə bağlı fikirləri səsləndirilib.
Tədbirin sonunda ATU-nun bir qrup tələbə - gənclərinə YAP-a üzvlülük vəsiqəsi təqdim olundu.