Bu gün Azərbaycan Tibb Universitetində (ATU) II Dünya Müharibəsində faşizm üzərindəqələbənin 70-ci ildönümü – 9 May qələbə günü münasibətilə tədbir keçirilib. Universitetdə çalışan müharibə veteranları və “1941-1945-ci illərdə vətən müharibəsində fədakar əməyə görə” medalı ilə təltif edilmiş arxa cəbhə veteranları ATU rəhbərliyi tərəfindən hərbi vətənpərvərlik mövzusunun təbliğində xüsusi fəallıqlarına görə pul mükafatı və dəyərli hədiyyələrlə təltif ediliblər.
Görüşdə ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov müharibə veteranlarını yubiley münasibəti ilə təbrik edərək onlara möhkəm cansağlığı arzulayıb: “Mən həmişə deyirəm ki, müharibə iştirakçılarıöz həyatlarını riskə qoyub qəhrəman olan insanlardır. Sizlər Tibb Universitetinin qızıl fondusunuz, bizim üçün həmişə yüksəkdəsiniz. Həmin illərdə göstərdiyiniz fədakarlığı heç vaxt unutmayacağıq”.
Tədbirdə iştirak edən müharibə veteranları da rektor Əhliman Əmiraslanova göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər, müharibə illəri ilə bağlı xatirələrini danışdılar.
Tədbirin sonunda ATU-nun veteran təmsilçiləri: terapevtik stomatologiya kafedrasının dosenti, müharibə veteranı Mirzəyev Rüstəm Bəhman oğlu, uşaq və yeniyetmələrin gigiyenası kafedrasının dosenti, arxa cəbhə veteranları Orucov Rəhim Alməmməd oğlu, kommunal və qidalanma gigiyenası kafedrasının professoru –Qasımov Maqsud Səfər oğluna 500 AZN məbləğində pul mükafatı və hədiyyələr təqdim olundu.