Bu gün Azərbaycan Tibb Universitetində Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Azərbaycan-Türkiyə diş həkimləri simpoziumu keçirildi. Azərbaycan Tibb Universitetinin dəstəyi ilə baş tutan tədbirdə hər iki ölkənin mütəxəssisləri, gənc həkimlər və rezidentlər iştirak ediblər.
Simpoziumun açılışında ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov Ulu öndər Heydər Əliyevin tibb elminə və təhsilə xüsusi önəm verdiyini qeyd edərək, bu cür beynəlxalq elmi simpoziumların ATU-da keçirilməsini qürurverici fakt kimi qiymətləndirdi. Rektor qeyd etdi ki, tədbirdə ağız və üz-çənə cərrahiyyəsi, diş həkimliyinin bütün sahələrinin mütəxəssisləri, Türkiyə və Azərbaycandan dəvət edilmiş professor və ixtisaslaşmış mütəxəssis heyəti iştirak edir. Ə.Əmiraslanov bildirdi ki, simpoziumda səslənəcək məruzələr iştrakçıların gələcək elmi və təcrübi işlərini istiqamətləndirəcək, həmçinin ölkəmizdə diş həkimliyinin inkşafına müsbət təsir göstərəcək. Əhliman Əmiraslanov həmçinin ATU-nun Türkiyənin bir çox univesitetləri ilə sıx əlaqələrinin mövcudluğundan da söz açdı.
Daha sonra isə Türkiyənin İstanbul Kəmər Burqaz Universitetinin professoru Nejat Bora Sayan çıxış edərək, Azərbaycanda olduğu üçün özünü çox xoşbəxt hiss etdiyini deyib: "Çünki bizlər qardaş ölkəyik. Bütün seminar iştirakçılarına uğurlar diləyirəm".
Qeyd edək ki, seminarda Türkiyənin İstanbul, Okan, Marmara Universitetlərindən çoxsaylı professorlar iştirak ediblər.