Mayın 6-da ATU-nun Tədris Terapevtik Klinikasında ultrasəs müayinəsi zamanı Elastoqrafiya üsulunun tətbiqinə dair seminar keçirildi. Seminarı giriş sözü ilə açan klinikanın direktoru, professor Surxay Musayev klinikada daim yeni müasir müalicə və diaqnostika üsullarının tətbiq edildiyini və bunun xəstəliklərin vaxtında aşkar olunmasında, düzgün müalicəsində ciddi rol oynadığını qeyd edib. Qeyd olunmuşdur ki, bu üsul bütün dünyada onkologiya, endokrinologiya, qastroenterologiya və digər sahələrdə geniş tətbiq edilir, qara ciyərin, süd vəzlərinin, qalxanabənzər vəzin patologiyalarının daha dəqiq aşkarlanmasında xüsusi əhəmiyyət kəsb edir.
Seminarda Amerikanın “General Elektric” şirkətinin Moskvadan gəlmiş məsləhətçi mütəxəssisi, Ultrasəs diaqnostika həkimi, tibb elmləri namizədi Oleyniçuk Anna Stanislavovna geniş mühazirə oxudu. Məruzəçi elastoqrafiyanın müasir və yüksək həssaslıqlı diaqnostika metodu olduğunu vurğulayaraq, bu üsulun aparılma qaydalarına və üstünlüklərinə xüsusi yer ayırdı, sonda iştirakçıların çoxsaylı suallarına cavab verdi.
Seminardan sonra elastoqrafiya üzrə treninqlər keçirilmişdır. Klinikanın, GE şirkətinin müasir Logic S7 ekspert ultrasəs aparatında xəstələr müayinə edilmiş və elestoqrafiyanın üstünlükləri, diaqnostik imkanları həkimlərə nümayış etdirilmişdir. Seminarda klinikanın mütəxəssisləri ilə yanaşı Bakı və Sumaqayıt şəhərlərinin klinikalarının əməkdaşları iştirak ediblər.