Bu gün Serbiya Respublikasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub. Serbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiç, Belqrad Universitetinin Stomatologiya fakültəsinin dekanı Dr.Miroslov Vukadinoviç ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Rəhimə Qabulova, beynəlxalq əlaqələr üzrə şöbə müdiri dosent Nadir Zeynalov və stomatologiya fakültəsinin dekanı professor Zöhrab Qarayev ilə görüşüblər.
Görüş zamanı qonaqlara ATU-nun fəaliyyəti, fakültələri, son illər istifadəyə verilmiş klinikaları haqqında məlumat verilib. Səfir isə öz növbəsində həm Azərbaycanın, həm də yerli Universitetlərin sürətlə inkişafının göz önündə olduğunu deyib. Onun sözlərinə görə, Serbiyada da Azərbaycan Universitetlərinə maraq artmaqdadır.
Görüş zamanı tərəflər ATU ilə Serbiya arasında tələbə mübadiləsinin reallaşdırılmasının vacibliyindən də danışıblar. ATU-nun stomatologiya fakültəsi ilə Belqrad Universitetinin stomatologiya fakültəsi arasında əlaqələrin genişləndirilməsi, iki müəssisə arasında rezident mübadiləsi aparmaq haqqında ilkin razılıq əldə olunub.
Qeyd edək ki, səfər zamanı qonaqlar ATU-nun Stomatoloji Klinikasında da olublar. Onlar müasir avadanlıqlarla təchiz olunmuş klinikada yaradılan şəraiti yüksək qiymətləndiriblər.