Rektor, professor Gəray Gəraybəyli: Bu gün işinin peşəkarı kimi tanınan məzun rezidentlərimiz bir çox sahələrdə uğurla fəaliyyət göstərir
Aprelin 23-də Azərbaycan Tibb Universitetində Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş ATUREK 12 - rezidentlərin və magistrantların elmi-təcrübi konfransı keçirilib. Tədbir iştirakçıları Ulu Öndərin universitetin foyesindəki büstünün önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Dövlət Himnimiz səsləndirildikdən və Vətən şəhidlərinin xatirəsi ehtiramla anıldıqdan sonra konfrans öz işinə başlayıb.
Əvvəlcə ATUREK-in 11-ci konfransının bəzi fraqmentlərini özündə əks etdirən video-çarx nümayiş olunub.
ATU-nun rezidentləri Cəlal Həsənov, Nailə Qasımova və Küşvər Seyidovanın moderatorluğu ilə baş tutan konfransın rəsmi açılış tədbirində universitetin rektoru, professor Gəray Gəraybəyli giriş nitqi ilə çıxış edib. O, ənənəvi olaraq hər il keçirilən ATUREK-in 12-ci konfransının da xalqımızın Ümummilli Liderin xatirəsinə həsr olunduğunu vurğulayıb: “Öncə hər birinizi universitetin bu möhtəşəm zalında salamlamaqdan qürur duyuram. Ulu Öndər Heydər Əliyev deyirdi ki, hər bir Azərbaycan gənci ilk növbədə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünməlidir. Azərbaycan gəncləri bu diqqət və qayğını yüksək qiymətləndirməklə yanaşı, öz məsuliyyətlərini dərk edir və strateji məsələlərin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfələrini verirlər. Gənclik millətin gələcəyidir, inkişafın təməl daşıdır. Millətin mövcudluğu üçün sağlam gənclik vacib şərtlərdən biridir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların hazırlanmasından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır”.
ATU-nun ölkəmizdə həkim kadrların hazırlanmasında xüsusi rol oynadığını söyləyən rektor qeyd edib ki, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə paralel tibb xidmətinin səviyyəsi də yüksəlməkdədir: “Çünki ən önəmlisi kadrların hazırlanmasıdır. Nə qədər möhtəşəm klinikalar açılsa və müasir avadanlıqlarla təchiz olunsa da, əgər yeni texnologiyanı, müalicə-diaqnostika məsələlərini mükəmməl bilən kadrlar yoxdursa, o klinikalar gözəl bir muzeyə bənzəyəcək”.
Ulu Öndərin gənclər siyasətini cənab Prezident İlham Əliyevin layiqincə davam etdirdiyini diqqətə çatdıran rektor, bu siyasətin tibb təhsili üçün şərait və imkanlar yaratması ilə bərabər, köklü islahatların aparılması ilə də özünü göstərdiyini bildirib: “Bu islahatlardan biri də tibb təhsilimizdə rezidentura pilləsinin yaradılması idi. Rezidentura və magistratura təhsilinin səviyyəsinin yüksəldilməsi, yüksək ixtisaslı kadrların hazırlanması da prioritet məsələlərdəndir. Hazırda yerli və əcnəbi rezidentlərin təhsil aldığı universitetimizdə bu şərəfli və çətin missiyanı layiqincə yerinə yetirməyə, tam hazırlıqlı ixtisaslaşmış həkimlərin yetişməsi üçün bütün imkanlardan istifadə etməyə çalışırıq. Səhiyyə Nazirliyinin dəstəyi ilə rezidentlərimiz ölkəmizin aparıcı klinikalarında rotasiyalarda olur və təcrübə qazanırlar. Həmçinin universitetimizin bağladığı qarşılıqlı müqavilələr çərçivəsində rezidentlərimiz hər il xarici ölkələrin klinikalarında da rotasiya keçirlər. Danılmaz həqiqətdir ki, bu gün ölkəmizdə artıq işinin peşəkarları kimi tanınan məzun rezidentlərimiz bir çox sahələrdə uğurla fəaliyyət göstərirlər”.
Müxtəlif panel və sessiya iclaslarında 130-a yaxın elmi məruzənin dinləniləcəyini və ayrıca cərrahiyyə kursunun keçiriləcəyini, müzakirə edilən məsələlərin bütün iştirakçılar, xüsusilə də gənc alimlər və rezidentlərimiz üçün faydalı olacağına əminliyini bildirən rektor konfransın işinə uğurlar arzulayıb.
Konfrans iştirakçılarını Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev və öz adından salamlayan nazir müavini Nadir Zeynalov bu günkü konfransın birbaşa tibb təhsili ilə bağlı olduğunu bildirib: “Bir çox ölkələrdə olduğu kimi, bizim ölkəmizdə də ali tibb təhsili 2 pillədən ibarətdir: baza tibb təhsili və ixtisaslaşma. İxtisaslaşmaya aid olan təhsil 2011-ci ilə qədər internatura formasında həyata keçirilirdi. İnternatura rezidentura sistemi ilə əvəz olundu və bununla da tibb təhsilinə yanaşma, o cümlədən tibb təhsilinin fəlsəfəsi də dəyişdi. Bu dəyişiklik tibb təhsilinə olan müasir tələblərlə bağlıdır. Müasir tələblərə görə, həkimin təkcə öz işinin peşəkarı olması kifayət deyil. XXI əsrin həkimi eyni zamanda bir müəllim olaraq öz bildiklərini ətrafındakı həkimlərə, xüsusilə gənc həkimlərə, rezidentlərə və tələbələrə öyrətməlidir. Bundan əlavə, mütləq elmlə maraqlanmalı, elmi tədqiqatlar aparmalıdır. Rezidentura hazırlığı keçən, eyni zamanda magistraturada oxuyan tələbələrimiz məhz bu 3 istiqamətdə püxtələşir”.
ATUREK konfransını ölkəmizdə rezidentlərin elmi işlərinin təqdimatının zirvəsi kimi səciyyələndirən nazir müavini tam əminliklə bildirib ki, bu konfransda iştirak edən rezidentlər və magistrantlar gələcək fəaliyyətləri üçün zəngin təcrübə toplayacaqlar.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov isə çıxışında 2022-ci ildə cənab Prezident tərəfindən Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəlik institutu yaradıldıqdan sonra səhiyyə sistemində köklü islahatların aparıldığını bildirib.
Rezidenturada təhsilini bitirən 20-ə yaxın həkimin Naxçıvan Muxtar Respublikasında məcburi təyinatla işə başladığını və onlar üçün əlverişli şərait yaradıldığını söyləyən S.Sadıxov onu da vurğulayıb ki, Azərbaycan Respublikasının səhiyyə nazirinin əmri ilə Naxçıvan MR 10 tibb müəssisəsi bu ildən klinik tibbi baza siyahısına daxil edilib və növbəti ildə 10 mərkəz rezidentura qəbulunu həyata keçirəcək. Naxçıvan MR Səhiyyə Nazirliyinin ATU ilə sıx əməkdaşlığından söz açan natiq, Türkiyənin bir neçə aparıcı universiteti ilə də qarşılıqlı əməkdaşlıq memorandumunun imzalandığını xatırladıb. Çıxışının sonunda ATU-nun geniş tərkibli konfranslarından birinin Naxçıvanda keçirilməsini təklif edib.
İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev də öz çıxışında bu günkü konfransın gələcək həkimlərimizin həyatında əhəmiyyətli rol oynayacağını deyib. Xəstələrin protokola uyğun müalicə edilməsinin vacibliyini önə çəkərək xatırladıb ki, bəzi kuratorların “mən xəstəni öz təcrübəmə əsasən müalicə edirəm, protokola əməl etmirəm” deməsi yanlışdır. Onun sözlərinə görə, bütün protokollar elmi tədqiqatlara əsasən yazılır. Seçenev adına universitetin ATU ilə six əməkdaşlıq etdiyini deyən professor Ə.Əliyev yüksək ixtisaslı tibb mütəxəssislərinin yetişdirilməsi istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırıb.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov bu cür tədbirlərin rezidentlərin həyatındakı rolundan danışaraq qeyd edib ki, Ulu Öndər tibb təhsilinə çox böyük önəm verirdi və onun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev də Azərbaycan səhiyyəsinin inkişafı üçün çox mühüm qərarlara imza atıb. Bu gün Azərbaycan səhiyyəsində ən müasir müalicə üsullarının tətbiq olunduğunu deyən N.Qasımov bildirib ki, belə elmi-təcrübi konfranslar rezidentlərin elmi potensialının üzə çıxmasına şərait yaradır və elmi müzakirələr aparmaq bacarıqlarını inkişaf etdirir: “Bizim gənc rezidentlər artıq böyük tibb müəssisələrində rəhbər vəzifələrdə çalışır, onları hətta beynəlxalq arenada tanıyırlar. Bu böyük nailiyyətdir və rezidenturanın yeni fəlsəfəsinin nəticəsidir”.
AMEA-nın müxbir üzvü, ATU-nun I Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov çıxışında ATUREK-in ilk konfranslarına diqqət çəkərək qısa müddətdə keçilən inkişaf yolundan söz açıb. O, ATUREK-in təkcə respublika səviyyəsində deyil, yaxın gələcəkdə beynəlxalq səviyyədə də tanınacağına əminliyini ifadə edərək rezidentlərə öz tövsiyələrini verib.
Hazırda ölkəmizin qabaqcıl tibb müəssisələrində uğurla çalışan gənc mütəxəssislərimiz – həkim-pediatr Həmidə Həmidli, həkim-radioloq Xəyalə İsmayılzadə, ürək-damar cərrahı Beyrək Abbaszadə və universitetimizdə klinik psixoloq ixtisası üzrə magistr dərəcəsi almış Əminə Əliyeva da çıxış edərək öz fikirlərini bölüşüblər.
ATU-nun Rezidentura və magistratura şöbəsinin müdiri, professor Məlahət Sultanova bu gün bu zalda bir gənclik coşqusunun yaşandığını söyləyib: “Bu zalda əyləşən gənclər ölkəmizin sabaha açılan ümidləridir. Bəzən xəstə məmnuniyyətinin ən kiçik zərrəsindən sevinclə dolub-daşan, bəzən üzləşdiyi çətinliklə bağlı sönmək istəyib, yenidən parlayan ümidləri. Hər il aprel-may aylarında keçirilən, ildən-ilə formatı və məzmunu ilə zənginləşən, Ümummilli Liderimizin adı ilə bağlı olan bu konfransda ölkəmizin bütün rezidentləri və magistrantları öz elmi-praktik fəaliyyətini nümayiş etdirirlər”.
Rezidentlərin və magistrantların onlara göstərilən etimadı doğruldacaqlarına inandığını söyləyən şöbə müdiri, konfrans iştirakçılarının nəzərinə çatdırıb ki, hazırda universitetimizdə 54 rezidentura və 9 magistratura ixtisası üzrə 70 nəfəri əcnəbi olmaqla 700 nəfər rezidentura pilləsində, 4 nəfəri əcnəbi olmaqla 119 nəfər magistratura pilləsində təhsil alır.
Azərbaycanın Əməkdar artisti, ustad tarzən Şəhriyar İmanovun ifasında səslənən musiqi nümunələrinin sədaları altında yekunlaşan rəsmi açılış mərasimindən sonra konfransın elmi hissəsi öz işini 9 panel üzrə davam etdirib. Konfransa 200-ə yaxın tezis təqdim olunub, ümumilikdə 127 məruzə dinlənilib. Tədbirin sonunda məruzələr münsiflər tərəfindən dəyərləndirilib və qalib rezidentlər mükafatlandırılıb.
.