ATU rektoru Əhliman Əmiraslanov imtahanların gedişi ilə maraqlanıb

    Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanov bu gün sonuncu kurs tələbələrinin Yekun Dövlət Attestasiyası və digər kurslarda isə semestr imtahanları verən tələbələrlə görüşüb, imtahanların gedişi ilə maraqlanıb. Rektor Əhliman Əmiraslanov imtahandan uğurla keçən tələbələri təbrik edib, onlara gələcək təhsillərində uğurlar diləyib.

   Qeyd edək ki, ATU-da imtahanlara may ayının 11-dən start verilib. Artıq 5000-ə yaxın tələbə imtahandan keçib. İmtahanlar müalicə-profilaktika, stomatologiya pediatriya, əczaçılıq, tibbi profilaktika və hərbi tibb fakültələrində aparılır.

    Artıq üç ildir ki, Tibb Universitetində imtahanlar obyektivliyin tam qorunması məqsədilə test üsulu ilə, kompüterlər vasitəsilə aparılır. İmtahan şərtlərinə görə, tələbələr 1 saat ərzində 50 sualı cavablandırmalıdırlar. İmtahan zamanı yığıla biləcək ən yüksək bal 50-dir. Belə ki, hər sual bir balla qiymətləndirilir.

   İmtahanlar zamanı Virtual Test Mərkəzində 220 kompüter tələbələrin ixtiyarına verilir. Gün ərzində bu mərkəzdə 2500-3000 tələbənin imtahan verməsi mümkündür. Hər tələbə öz məxfi kodu ilə sistemə daxil olaraq sualları cavablandırır və sonda imtahan nəticəsini görərək zalı tərk edir. İmtahanların gedişinə müşahidə kameraları və imtahanlara nəzarət qrupunun əməkdaşları tərəfindən nəzarət olunur.