Tibb Universitetinin tələbələri 3751 metr yüksəklikdəki zirvəni fəth etdilər!

   Azərbaycan Tibb Universiteti (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsi növbəti uğura imza atıb. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə yaradılan "MEDİCUS" qrupunun üzvləri "Heydər zirvəsi"nə yürüş ediblər.

   ATU-nun Tələbə Həmkarlar İttifaqının sədri Elşad Novruzov bildirib ki, hər il ümummilli lider Heydər Əliyevin ad günü həm də "Heydər zirvəsi"nə kütləvi yürüşlərin təşkili ilə yadda qalır: "Artıq belə kütləvi yürüşlər xoş bir ənənəyə çevrilib və respublikanın müxtəlif bölgələrindən bu aksiyaya qoşulanların sayı ilbəil artmaqda davam edir. Bu il Tibb Universitetinin tələbələri də "Heydər zirvəsi"nə yürüş edərək, universiteti layiqincə təmsil ediblər. Tələbələrimiz 3751 metr yüksəklikdəki zirvəni fəth ediblər".