Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş rezidentlərin III elmi-təcrübi konfransı keçirildi.
Konfransda çıxış edən ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov bildirdi ki, Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbirlər, konfransların keçirilməsi Tibb Universitetində artıq ənənə halını alıb. O, Heydər Əliyevin Azərbaycan təhsilinə, elm sahəsinə verdiyi töhfələrdən, tələbələrə göstərdiyi diqqət və qayğıdan söz açdı.
Millət vəkili, akademik Əhliman Əmiraslanovun sözlərinə görə, atıq 4 ildir ki, ATU-da diplomdansonrakı təhsilin rezidentura pilləsində həkim-mütəxəssis hazırlığı aparılır: "Biz 1992-ci ildən bu sistemə keçməyi arzu edirdik. Nəhayət ki, bu istəyimiz reallaşdı. Səhiyyə naziri Oqtay Şirəliyevin də bununla bağlı çox əməyi olub, ciddi danışıqlar aparıb və buna nail olunub”.
Daha sonra konfrans məruzə və müzakirələrlə davam edib.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetində rezidentlərin sayı I kursda - 202 nəfər, II kursda - 141 nəfər, III kursda - 103 nəfər, IV kursda - 93 nəfərdir. Rezidentlərin ümumi sayı 539 nəfərdir.
Respublikada digər bazalar üzrə rezidentlərin sayı 1120 nəfərdir. Hazırda Azərbaycan Tibb Universiteti uzrə 74 nəfər rezident Türkiyənin Erciyes, Hacitepe, 19 Mayıs, İstanbul, Ankara və digər universitetlərində, Almaniyada, Norvecdə, İsveçdə və Fransanın Strasburq şəhərində 3-6 ay müddətində rotasiya keçirlər.
Bu il respublikada təhsil müddəti 2 və 3 il olan 15 ixtisas uzrə 93 nəfər rezident məzun olub. Onlardan 34 nəfəri ATU məzunlarıdır. Digər bazalardan indiyədək 154 nəfər rezident müxtəlif ixtisaslar üzrə ATU-nun klinikalarında rotasiyada olublar.