Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Ürək-Damar Mərkəzində pulsuz müayinə həftəsi keçirilir. May ayının 10-dan 16-dək davam edən pulsuz müayinə həftəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunub. Bu günlər ərzində ümumilikdə 300-dən çox xəstə müayinədən keçib. Müayinələr 4 yüksək ixtisaslı həkim-kardioloq, 3 rezident-kardioloq və peşəkar tibb bacıları tərəfindən aparılıb.
Qeyd edək ki, Tədris Terapevtik Klinikasının Ürək-Damar Mərkəzi artıq 2 ilə yaxındır ki yaradılıb. Mərkəzin rəhbəri, doktor Fərid Əliyevin sözlərinə görə burada yüksək peşəkarlığı ilə seçilən həkim briqadası çalışır: "Mərkəzdə ürək-damar xəstəliklərinin bütün alt sahələri əhatə olunur: koronar patologiyalar, ritm pozğunluqları, orqanizmdəki damarlarda baş verən bütün xəstəliklər və s".
Fərid Əliyev kompaniya çərçivəsində 100-dən çox xəstəni müayinə etdiyini söylədi: "Ən pis patologiya kimi ürək çatışmazlığı və ciddi pulmonar hipertenziyanın aşkar edilməsini misal çəkə bilərəm. Əməliyyat olunan xəstələrimiz də olub. Mürəkkəb deyilə biləcək əməliyyatlar sırasına ritm pozğunluqlarının ablastiya üsulu ilə ortadan qaldırılması, kəskin insultlu, kəskin infarktlı xəstələrə olunan müdaxilələr daxildir".
Mərkəzin həkimi Elnur İsayevin sözlərinə görə, pulsuz müayinə kompaniyası çərçivəsində fasiləsiz çalışıblar: "Baxmayaraq ki, biz durmadan müayinə edirik, amma yenə də çatdırmırıq, xəstə axını olduqca çoxdur. Çalışırıq ki, hamıya yetərli vaxt ayıra bilək. İlk günlərdə Bakıdan gələn xəstələrin sayı üstünlük təşkil edirdi. Amma son günlərdə artıq bölgələrdən də xəstə axını gəlməyə başlayıb. Gələnlərin çoxu kifayət qədər ciddi narahatlıqlarla bizə müracət edirlər".
Beyləqan rayon sakini Həsən Məmmədov pulsuz müayinə həftəsini yüksək qiymətləndirdiyi dedi: "Bu təşəbbüs üçün sizə çox təşəkkür edirəm. Dünəndən burdayam, analizlər vermişəm, müayinələrdən keçmişəm. Elnur həkimə çox təşəkkür edirəm. Klinika rəhbərliyinə, baş həkimə, bizim üçün belə bir imkan yaradan hər kəsə minnətdaram".