Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində "Şən və Hazırcavablar” komandası yaradıldı.
ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsnin sədri Elşad Novruzov uzun fasilədən sonra bu komandanı yenidən yaratmaq qərarına gəldiyini dedi. O, bu tələbələrin həvəsli və istedadlı olduğunu nəzərə alaraq belə bir addım atdığını qeyd etdi.
Komandanın əsas idarə heyəti 7 nəfərdən ibarətdir. Əsas idarə işlərinə I müalicə- profilaktika fakültəsinin tələbəsi Aytən Yusifzadə başçılıq edir. Komandanın üzvləri I müalicə-profilaktika fakültəsinin tələbələri - Diran Şahin, Bayram Bayramlı, II müalicə-profilaktika fakültəsinin tələbələri - İsmayıl Əliyev, Nurxan Şamilov, Rəhman Ələsgərli və Hərbi Tibb Fakültəsinin tələbəsi Səhrab Mayılovdur.
Elşad Novruzovun sözlərinə görə, ümumilikdə komandada 30-40 tələbə iştirak edir: "Hazırda onlar müxtəlif mövzular üzrə məşqlərlə məşğuldurlar. Komanda üzvlərinin çoxu teatr və musiqi yönümlüdür. Həmçinin, videoçarxlar və monoloqlar çəkmək planlaşdırılır. Monoloqlar əsasən, tələbə həyatı, onların qayğıları, üzləşdikləri problemlərdən bəhs edəcək".
Qeyd edək ki, "Şən və Hazırcavablar" komandası əsasən şənbə və bazar günləri məşq edir. Artıq bu semestr tədris ilinin sonu olduğu üçün komanda öz fəaliyyətinə, yəni yeni layihələrin təqdimatına yeni tədris ilindən etibarən start verəcək.