Azərbaycan əsilli ilk Nobel Sülh mükafatçısı Bəxtiyar Siracov Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.
ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasını ziyarət edən məşhur azərbaycanlı alim "Anatomiya muzeyi" ilə yaxından tanış olub.
ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov, İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, dosent Anar Abdullayev qonağa universitetin fəaliyyəti, o cümlədən İnsan anatomiyası və tibbi terminologiya kafedrasının işi haqqında məlumat veriblər.
Kafedra nəzdində yaradılan "Anatomiya muzeyi"ndə 6 mindən artıq eksponatın yerləşdiyi muzeyin, tibb təhsili alan tələbələr üçün əhəmiyyəti qeyd edilib. ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasını ziyarət edən məşhur azərbaycanlı alim ziyarətindən məmnun qaldığını bildirib. O, Azərbaycanda təhsil aldığı illəri, müəllimlərini xatırlayaraq, istənilən dövlətin inkişafında elmin böyük rol oynadığını qeyd edib. ATU-nun məzunlarının bu gün dünyanın nüfuzlu elm mərkəzləri və xəstəxanalarında çalışdığını bildirən B.Siracov görüş üçün universitet rəhbərliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, 26 il ərzində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyində (AEBA) çalışan Bəxtiyar Siracov Norveç Sülh Komitəsinin qərarı ilə 2005-ci ildə Nobel Sülh mükafatına layiq görülən ilk azərbaycanlı alimdir.