Bu gün Türkiyənin Selcuk Universitetinin rektoru, prof. dr. Hakkı Gökbel Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.
ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov tədbiri açaraq, gələn qonaqlara ilk öncə universitet haqqında məlumat verdi. Onun sözlərinə görə, hazırda universitetdə 7000-dən çox tələbə və rezident, həmçinin 1000-dən çox xarici ölkə vətəndaşları olan tələbələr təhsil alırlar.
Millət vəkili, akademik Əhliman Əmiraslanov ATU-nun professor-müəllim heyəti haqqında da məlumat verərək bildirdi ki, hazırda bu ali təhsil ocağında 160-dan çox professor, 320 dosent, 800-ə yaxın elmlər namizədi və ümumilikdə 1300 nəfər akademik personal çalışır.
Daha sonra Əhliman Əmiraslanov Selcuk Universiteti ilə sıx əlaqələrin yaradılması arzusunda olduğunu qeyd etdi: "Selcuk Universitetində axırıncı dəfə 90-cı illərin əvvəllərində olmuşam. O vaxtdan universitetdə çox irəliləyişlər olub. Ümid edirəm ki, Selcuk Universiteti ilə qarşılıqlı əməkdaşlıq edəcəyik".
Selcuk Universitetinin rektoru, prof. dr. Hakkı Gökbel də öz ali təhsil ocaqları haqqında məlumat verdi. O, universitetdə 80.000 tələbənin təhsil aldığını, 22 fakültənin olduğunu qeyd etdi. Rektor həmçinin universitetin tərkibində fəaliyyət göstərən Tibb fakültəsi haqqında da məlumat verərək, fakültədə bütün tibb sahələri üzrə mütəxəssis yetişdirdiklərini bildirdi: "Çox sevinirəm ki, buradayam, universitetin fəaliyyəti ilə yaxından tanış oldum. Azərbaycan Tibb Universiteti ilə əlaqələri genişləndirməyi nəzərdə tutmuşuq".
Qeyd edək ki, görüşün sonunda iki universitet arasında qarşılıqlı əməkdaşlıq, tələbə, rezident və mütəxəəssis mübadiləsi üzrə müqavilə imzalandı.