Bu gün Azərbaycan Tibb Universitetində (ATU) "Məzun günü"nə həsr olunmuş tədbir keçirilib.
ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov tədbiri açaraq, "bu gün Azərbaycan Tibb Universitetinin tələbələri də, müəllimləri də bayram əhval-ruhiyyəsindədir" - deyə, bildirdi: "Əslində, bu günlər bütün Azərbaycan xalqı böyük bayram ərəfəsindədir. İyunun 12-də Azərbaycan torpağında ilk dəfə olaraq Birinci Avropa Oyunları keçiriləcəkdir. Bu beynəlxalq tədbir ölkəmiz üçün, Azərbaycan xalqı üçün tarixi əhəmiyyət kəsb edir".
Ə. Əmiraslanovun sözlərinə görə, ölkəmizdə uşaqdan-böyüyə qədər hər kəs bu qlobal tədbirin yüksək səviyyədə keçirilməsinə hazırlaşır: "Əslində, bütün hazırlıq işləri artıq başa çatdırılıb. Ölkəmizin bütün idman qurğuları hazır vəziyyətdədir və qonaqlarını gözləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin Birinci Avropa Oyunlarının açılışı ərəfəsində Atəşgah Məbədində alovlandırdığı məşəl respublikamızın bütün rayonlarını, Mərkəzi şəhərlərini gəzib dolaşmaqdadır. Xalqımız artıq bu bayramın xoş ovqatını yaşayır və açılış gününü səbrsizliklə gözləyir".
Millət vəkili Əhliman Əmiraslanov qeyd etdi ki, bu günkü buraxılış ATU-nun sayca 89-cu buraxılışıdır. Hər ilin iyun ayının sonlarında ənənəvi olaraq universiteti bitirmiş gənclər üçün "Məzun Günü" keçirilir: "Bu gün də universitetimizin kollektivi bu tarixi ənənəyə sadiq qalaraq, belə bir xoş gündə siz məzunları təbrik etməyə, sizə öz xoş arzularını çatdırmağa gəliblər. Bu il həm də Azərbaycan Tibb Universitetinin yaranmasnın 85 illiyidir. Azərbaycanda ali tibb təhsilinin tədrisinə başlanmasının isə bu il 96-cı ildönümüdür".
Ə. Əmiraslanov bildirdi ki, ölkə başçısı tələbələrin təhsilini daim izləyir və onların layiqli mütəxəssis olmaları üçün hər cür şərait yaradır: "2011-2012-ci tədris ilində fəaliyyətə başlayan Rezidentura sistemi də bu dövlət qayğısının ən bariz nümunələrindəndir. Bu gün həkim diplomuna layiq görülməyiniz, müqəddəs həkim andı içməyiniz və həkimlik fəaliyyətinə başlamağınız münasibətilə sizi Universitetimizin professor-müəllim heyəti adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm. Hər birinizə möhkəm cansağlığı diləyir, işlərinizdə müvəffəqiyyətlər arzulayıram".
Tədbirdə ATU-nun professor-müəllim heyəti, tələbələrlə yanaşı Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, səhiyyə nazirinin müavini Elsevər Ağayev, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı və Müdafiə Nazirliyinin Tibb xidməti rəisi general-mayor Natiq Əliyev da iştirak edərək, bu ilin məzunlarını təbrik edib, onlara gələcək karyeralarında uğurlar arzuladılar.
Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və məzunlar Hippokrat andı içərək, xalqımızın sağlamlığının keşiyində ləyaqətlə duracaqlarına söz verdilər. Ənənəyə uyğun olaraq məzunlar arasında prezident təqaüdçüsü olan gənc birinci kursdakı davamçısına həkim libasını və rəmzi atributları təqdim edib.
Qeyd edək ki, Bu il Azərbaycan Tibb Universitetini 1056 nəfər məzun bitirir. Onlardan 127 nəfəri xarici ölkə vətəndaşıdır. 62 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər xarici vətəndaş, 1 nəfər magistr ATU-nu fərqlənmə diplomu ilə bitirib. Onlardan 13 nəfəri Prezident təqaüdçüsüdür. Bu il ATU-nu bitirən 1056 nəfər məzundan 53 nəfəri əczaçı-bakalavr, 8 nəfəri əczaçı-magistrdır. 957 nəfəri həkimdir, onlardan da 82 nəfəri ATU-nun hərbi-tibb fakültəsini bitirmiş hərbi həkimlərdir. Bu ilki məzunlar arasında 38 nəfər hərbi-feldşer də vardır. Hazırda ATU-da 671 nəfər xarici ölkə vətəndaşı təhsil alır. Onlar 19 xarici ölkəni təmsil edirlər. ATU-nun hazırlıq kursunda 165 müdavim təhsil alır.