Bu günlərdə otorinolarinqologiya, onkologiya, plastik və üz-çənə cərrahiyyəsi, surdologiya ixtisaslarının aktual problemlərini əhatə edən Otorinolarinqoloqların Avrasiya assambleyasının 10 illiyinə həsr olunmuş beynəlxalq yubiley konqresi keçirilib.
Azərbaycan Tibb Universitetinin dəstəyi ilə Xəzər dənizinin sahilində yerləşən Zuğulbanın mənzərəli guşəsində – “Xəzri” istirahət və sağlamlıq mərkəzində düzənlənən konqresdə Avropa, Türkiyə, Rusiya, Belarus, Özbəkistan, Qazaxıstan, Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının nümayəndə heyətləri iştirak ediblər.
ATU-nun Otorinolarinqologiya kafedrasının müdiri, professor Vəfa Pənahianın sözlərinə görə, otorinolarinqologiya və baş-boyun cərrahiyyəsi, onkologiya, neyrocərrahiyyə, üz-çənə, plastik cərrahiyyə, surdologiya, səhiyyənin təşkili ixtisasları üzrə 100-ə yaxın xarici, 150-dən çox yerli mütəxəssisin qatıldığı konfransda müasir protokollara cavab verən tibbi yeniliklərə dair müzakirələr aparılıb. Belə ki, tibbi yeniliklərin mənimsənilməsi və təcrübə mübadiləsi, burunun funksional və estetik problemlərinin həllində yeni üfüqlərin hədəflənməsi, həmçinin baş-boyun nahiyyəsinin şişlərində və hərbi travmalarında, bu və digər səbəblərdən eşitmə qabiliyyəti məhdudiyyətlərində tətbiq olunan müasir müalicə üsullarının müzakirəsi maraqla qarşılanıb.
Konqresə DIN-in Respublika Hospitalının otorinolarinqologiya şöbəsinin rəisi, tibb elmləri doktoru Kamil Yusifov sədrlik edib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müvafiq kredit balı ilə akkreditasiya edilən 2 günlük zəngin elmi proqramın iştirakçıları Xəzər dənizinin füsünkar mənzərəsi ilə təmasda olaraq mənəvi istirahətə də vaxt ayıra biliblər.