Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında “Daxili qulağın protezləşməsi” əməliyyatlarının icrasına başlanılıb. Bu əməliyyatın köməyilə anadangəlmə, eşitmə qabiliyyəti heç olmayan uşaqların eşitməsini bərpa olunur.
Dünən, 4 iyun 2015-ci il tarixində Tədris Cərrahiyyə Klinikasında 3 yaşlı Səadət və 4 yaşlı Ömərin üzərində aparılan əməliyyat uğurla nəticələnib. Bu gün isə artıq 2 yaş 2 aylıq İbrahim əməliyyata alınıb.
Əməliyyatlar Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Qulaq-burun-boğaz şöbəsinin müdiri, Uzman Həkim Yusif Hacıyevin rəhbərliyi və iştirakilə aparılır.
Yusif Hacıyevin sözlərinə görə, “Daxili qulağın protezləşməsi”əməliyyatlarının anadangəlmə, tam eşitmə qabiliyyəti olmayan uşaqların eşitmə qabiliyyətlərini bərpası məqsədilə aparılır: “ATU-nun Tədris Cərrahiyyə Klinikası bu əməliyyatların həyata keçirilməsi üçün hər cür şərait və avadanlıqla təchiz olunub . Xəstələrin vəziyyəti həm əməliyyat öncəsi, həm əməliyyat icrası baxımından dəyərləndirilir. Bununla əlaqədar klinikada yüksək ixtisaslı həkimlərdən ibarət böyük bir komanda fəaliyyət göstərməkdədir. Bu əməliyyatların uğurlu keçməsi tək bir cərrahın deyil, böyük komandamızın yüksək səviyyəli işinin nəticəsidir”.
Y.Hacıyev bildirir ki, eşitməsində anadangəlmə problem olan, qətiyyən eşitməyən uşaqlarla bağlı hər kəs ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edə bilər. Lakin həkim belə problemi olan uşaqları mümkün qədər tez həkimə müraciət etməyi məsləhət görür: “Çünki belə əməliyyatların 4 yaşa qədər icrası məsləhətdir. Həmçinin, əvvəllər eşidib-danışan, lakin sonradan bu qabiliyyətini itirən xəstələrə də bu əməliyyatı tətbiq etmək mümkündür”.