Ölkəmizdə səfərdə olan dünya miqyaslı alim, Nobel mükafatı laureatı, professor Əziz Sancar Azərbaycan Tibb Universitetində (ATU) olub. ATU-nun rəhbər şəxsləri ilə keçirilən görüşdən sonra professor Əziz Sancar universitetin tələbə və müəllim heyəti qarşısında mühazirə ilə çıxış edib.
ATU-nun rektoru professor Gəray Gəraybəyli qonağa universitetin yaranma tarixi, strukturu, tədris proqramı və təhsil prosesi barədə ətraflı məlumat verib. O, artıq 90 yaşını geridə qoyan qocaman universitetin Azərbaycanda yüksək ixtisaslı həkimlərin, elmi araşdırmaçıların yetişdirilməsinə böyük rolu olduğunu vurğulayıb. Rektor G.Gəraybəyli dünya şöhrətli alimin ATU-da qonaq olmasını universitet kollektivi, tələbələr və gənc tədqiqatçılar üçün mühüm hadisə kimi dəyərləndirərək Əziz Sancara təşəkkürünü çatdırıb.
ATU-nun Onkologiya kafedrasının müdiri, Tədris Onkoloji Klinikanın müdiri, akademik Əhliman Əmiraslanov dünya şöhrətli alimi salamlayaraq ölkəmizdə elmin inkişafı istiqamətində dövlət səviyyəsində görülən işlərdən danışıb. Təhsilin və səhiyyənin bütün istiqamətləri üzrə müvəffəqiyyət qazanmaq üçün elmi-tədqiqatların önəmini vurğulayıb.
Nobel mükafatçısı, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru Əziz Sancar ATU-da olmaqdan məmnunluğunu ifadə edib. O, universitetdə mövcud təhsil prosesi, tələbələrin və rezidentlərin elmi tədqiqatlarını aparması üçün yaradılmış şəraitlə maraqlanıb. Dünya şöhrətli alim savadlı nəslin yetişdirilməsi üçün gənclərdə elmə maraq oyatmağın, fizika, kimya, biologiya və texnologiya sahələrini təşviq etməyin əhəmiyyətindən danışıb.
Sonra Nobel mükafatçısı universitetin akt zalında tələbə və müəllim heyəti üçün "Xərçəng xəstəliyinin müalicəsində EdU-nun (5-ethynyl-2'-deoxyuridine) tətbiqi" mövzusunda mühazirə oxuyub. Mühazirədə EdU-nun insan genomuna təsiri, mədəaltı vəzin, mərkəzi sinir sistemi xərçənginin müalicəsində effekti ilə bağlı elmi araşdırmaların nəticələrinə istinad olunub. Sonda Nobel mükafatı laureatı, professor Əziz Sancar tələbə və müəllimlərin çoxsaylı suallarını cavablandırıb.
Qeyd edək ki, Əziz Sancar Türk dünyasında təbiət elmləri üzrə Nobel mükafatına layiq görülmüş yeganə alimdir. O, 2015-ci ildə DNA təmiri sahəsində araşdırmalarına görə kimya üzrə Nobel mükafatını alıb. ABŞ-da gen mühəndisliyi sahəsini inkişaf etdirən azsaylı alimlərdən biri olan Əziz Sancar ümumilikdə biofizika və biokimya üzrə bir neçə mühüm kəşfin müəllifidir. Onun icad etdiyi elmi metodlar gen mühəndisliyi və xərçəng xəstəliyinin müalicəsi sahəsində geniş imkanlar açır.