Bu gün Bakıda Avropa qitə tarixinin ən böyük idman hadisəsi başlayır.
12 iyun-28 iyun tarixlərində keçiriləcək "Bakı 2015" I Avropa Oyunlarında 6000-dən çox idmançı 20 idman növü üzrə medallar uğrunda mübarizə aparacaq.
Oyunların açılış mərasimi bu gün 21:00-da Olimpiya Stadionunda baş tutacaq. Oyunlar 16 idman obyektində keçiriləcək. 17 gün ərzində yarışları 600 minə yaxın tamaşaçının izləyəcəyi gözlənilir. Təkcə Avropanın deyil, bütün dünyanın maraqla gözlədiyi Avropa Oyunları dünyanın 5 qitəsində yayımlanacaq.“Bakı 2015” I Avropa Oyunlarında ev sahibi Azərbaycanı 289 idmançı təmsil edəcək.
ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elşad Novruzov ilk Avropa Oyunlarının ölkəmizdə keçirildiyini yüksək qiymətləndirir. Onun sözlərinə görə, "Bakı 2015" I Avropa Oyunlarında ATU-dan ümumilikdə 1000-ə yaxın tələbə könüllü olaraq iştirak edəcək: bunlardan 400 nəfəri 3 ay ərzində Universitetin Tədris-cərrahiyyə klinikasında təlimlər keçiblər. Onlar "Bakı 2015" I Avropa Oyunlarında həkim yardımçısı qismində iştirak edəcəklər. Geridə qalan tələbələrimiz isə digər sahələr üzrə çalışacaqlar. Onlarla mütəmadi olaraq əlaqədəyik. Baxmayaraq ki, dərslər bitib, bu tələbələrin bəzilərinin universitety yataqxanasında qalmalarına şərait yaradırıq.
ATU-nun Xarici Tələbələrlə iş üzrə dekanı, "Bakı 2015" ilk Avropa Oyunlarının ictimai-səhiyyə meneceri İsmayıl Əfəndiyev:
-Bizim "Bakı 2015" I Avropa Oyunları Təşkilat Komitəsi ilə əməkdaşlığım 2 il bundan öncə başlamışdı. 2014-cü ilin may ayında hörmətli nazirimizin təşəbbüsü ilə ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin ictimai-səhiyyə meneceri vəzifəsinə mənim namizədliyimi təklif etdilər və işə başladım. Əsas işimiz bütün Avropa Oyunlarında iştirak edən komandaların tibbi və antidopinq təminatını, müxtəlif yoluxucu xəstəliklərə yoluxma (zəhərlənmələr) və s. kimi məsələləri yoxlamaqdır. Eyni zamanda, Bakıya gələn çoxsaylı idmançılar, qonaqlar, media, jurnalistlər, həmçinin, adi turistlərin oyunlar zamanı həm profilaktik, həm də müalicəsinin yüksək səviyyədə təşkil edilməsidir. Bunun üçün hər bir idman obyektində xüsusi tibb komandamız var. Orada həm həkimlər, həm rezidentlər, həm də tələbələr çox aktiv iştirak edirlər. Eyni zamanda, qonaqlar qalan məkanlarda xüsusi tibbi komandamız, poliklinikamız fəaliyyət göstərir. Orada da həkimlər, rezidentlər və tələbələr çox aktiv çalışırlar. Eyni zamanda, Atletlər kəndində poliklinikamız var. Orada nəinki xəstənin ilkin müayinəsini aparmaq mümkündür, həm də böyük İdman təbabəti şöbəsi yaradılıb ki, burada da ailə həkimləri, reanimatoloqlar, oftolmoloqlar və diş həkimlərinin kabinetləri var. Burada fəaliyyət göstərən "Aptek"dən həm idmançılar, həm də jurnalistlər dərmanları pulsuz əldə edə bilərlər".
ATU-nun stomatologiya üzrə həkim-rezidenti Mirzə Mirzəyev:
-Birinci Avropa Oyunlarında stomatoloq vəzifəsini yerinə yetirirəm. Bu vəzifədə mənimlə bərabər 8 nəfər həkim-rezident stomatoloq çalışır. Biz gün ərzində 2 növbə olmaqla, Atletlər kəndində olan personala xidmət göstəririk. "Bakı 2015" mənim həyatımda çox dəyişiklik etdi. Həmçinin gələcək işlərimizdə bizə çox böyük kömək olacağını düşünürəm. Yeni bir əhatəmiz yarandı, yeni insanlarla tanış olduq. Biz bunu dünyaya açılan bir pəncərə kimi qəbul edirik. İyun ayının 3-dən işə rəsmi olaraq işə başlamışıq. Bundan öncə treninqlərdə iştirak etmişik, xəstələrlə necə davranmaq, ilkin tibbi yardım və digər istiqamətlərdə təlimlər keçmişik. Bu günlər ərzində bir pasientimizə sadəcə konsultasiya, 2 pasientimizə restavrasiya (plomb dəyişilib) olunub, 2 pasientimizin dişi çəkilib, 1 pasientimiz isə evident olunub.
Mehdi Axundov:
- Artıq 2 gündür ki, "Bakı 2015"-də çalışıram. Mənim üçün təcrübə baxımından çox maraqlıdı.
ATU-nun rezidenti Leyla Fətullayeva:
- 29 maydan etibarən Media kəndində tibb bacısı kimi fəaliyyət göstərirəm. Özüm üçün bunu fəaliyyətimdə bir ixtisasartırma, praktiki cəhətdən xeyirli hesab edirəm. Həm də biz orada öz vətəndaşlarımızla yanaşı, xarici vətəndaşları da müayinə edirik ki, bu da olduqca maraqlı haldır.