14 iyun - Ümumdünya Qan Donoru Günü ilə əlaqədar Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında qanvermə aksiyası keçirilib. Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan aksiyanın məqsədi donor qanına ehtiyacı olan insanlara yardım etməkdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Tibb Universiteti komitəsinin sədri Şahrud Əhmədovun sözlərinə görə, aksiyada iştirak edən könüllü donorlar müxtəlif qan xəstəliklərdən əziyyət çəkən insanlara öz qanlarını veriblər: “Bu kimi tədbirləri silsilə şəklində keçiririk. Bu, bizim artıq ikinci aksiyamızdı və davamı olacaq”.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının Qan Bankının müdiri Sevda Quliyeva bildirdi ki, aksiyada iştirak üçün müraciət edən könüllü donorlar ilk növbədə müayinə olunurlar: “Onların hər birinin analizləri toplanılır. Əgər səhhətlərində hər hansı bir problem yoxdursa, onlardan qan götürülür”.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova belə bir tədbirin keçirilməsinə razılıq verdiyi üçün ATU rəhbərliyinə təşəkkür etdi. Onun sözlərinə görə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ölkəmizdə dövlətə yardımçı rolu oynayan qeyri-hökumət təşkilatıdır: “Biz bir çox təhsil ocaqlarında, təşkilatlarda, ümumiyyətlə, Azərbaycanı əhatə edən rayon bölmələrimizdə və regional mərkəzlərimizdə belə aksiyalar keçiririk. “İcmayə əsaslanan sağlamlıq” proqramına qan donorlarının cəlb olunması da bu aksiyaya daxildir”.
M. Qaraxanovanın sözlərinə görə, hər il 14 iyun - Ümudünya Qan Donoru Günündə təşkil etdikləri qanvermə aksiyaları müxtəlif mövzuları əhatə edir. Bu gün keçirilən aksiyanın mövzusu “Mənim həyatımı xilas etdiyinə görə sənə minnətdaram”dır.