Bu günlərdə Macarıstan Respublikasının Milli Assambleyasının sədri Laszlo Köverin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub. Dünən nümayəndə heyətinin üzvləri Azərbaycan Tibb Universitetində qonaq olublar. Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanovla Macarıstan Tibb Universitetinin rektoru Dr. Szél Ágoston arasında görüş keçirilib.
ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov qonaqları salamlayaraq, Azərbaycanla Macarıstanın qardaş ölkə olduğunu və təhsil müəssisələrimiz arasında yaxın əlaqənin yaradılmasının vacibliyini vurğuladı. Bu sahədə hətta gecikdiklərini də qeyd edən rektor bildirdi ki, qarşılıqlı layihələr həyata keçirilməlidir. Əhliman Əmiraslanov ATU-nun fəaliyyəti barədə də qonaqlara məlumat verdi. Onun sözlərinə görə, bu ali təhsil ocağı 1919–cu ildə Bakı Dövlət Universitetinin tərkibində fakültə kimi yaradılıb. 1930-cu ildən isə müstəqil ali məktəb kimi fəaliyyət göstərməyə başlayb: "Universitetimiz bu il müstəqil universitet kimi 85 yaşını, fakültə kimi isə 96-cı yaşını qeyd edəcək". ATU-nun professor-müəllim heyəti haqqında da məlumat verən millət vəkili Ə. Əmiraslanov bildirdi ki, 6 fakültəsi olan bu ali təhsil ocağında 160-dan çox professor, 320 dosent, 800-ə yaxın elmlər namizədi və ümumilikdə 1300 nəfər akademik personal çalışır: "Hazırda universitetdə 7000-dən çox tələbə və rezident, həmçinin 1000-dən çox xarici ölkə vətəndaşları olan tələbələr təhsil alırlar".
Macarıstan Tibb Universitetinin rektoru Dr. Szél Ágoston öz növbəsində qonaqpərvərlik üçün təşəkkür edərək, ATU-nun klinikalarının çox yüksək səviyyədə olduğunu, müasir standartlara cavab verdiyini söylədi. İxtisasca anatomik olan əcnəbi rektor həmçinin ATU-nun Anatomiya muzeyini çox bəyəndiyini də xüsusi qeyd etdi. O həmçinin iki ali təhsil ocağı arasında sıx əlaqələrin yaradılmasında maraqlı olduğunu və gələcəkdə bununla bağlı müqavilə imzalanacağını qeyd etdi.
Görüşdə Macarıstanın Bakıdakı səfirinin II katibi Zoltan Timar, Macarıstan Tibb Universitetinin beynəlxaq əlaqələr şöbəsinin müdiri Marcel Pop, Azərbaycan Təhsil Nazirliyinin aparatının rəhbər müavini Yaqub Piriyev, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Muxtar Məmmədov, ATU-nun tədris işləri üzrə prorektoru Sabir Əliyev, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulova, beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir Zeynalov və tədris hissə müdiri Nəsimi Qasımov da iştirak edirdilər.