ATU-nun Elmi Araşdırmalar Mərkəzinin professoru Ramiz Axundovun rəhbərliyi ilə Farmakologiya fənnindən “Tetraxlormetanla qaraciyərin kəskin patologiya modelinin yaradılması və yeni alınmış fitokompozisiya ilə korreksiyası” adlı eksperimental metodik işləmə işıq üzü görüb. Metodik işləməni mərkəzin dosentləri Sevda Quliyeva, Nigar Quliyeva, Vidadi Xəlilov və Taryel Eyvazov birgə icra ediblər.
Tədqiqat işi qaraciyər patologiyalarının korreksiyası və müalicəsi üçün yeni kompleks fitopreparatların alınması proqramının bir hissəsidir. Hazırda qaraciyər patologiyaları həzm orqanları xəstəlikləri arasında aparıcı rol oynayır. ÜST-ün məlumatlarına görə, dünyada 2 milyard insanda müxtəlif qaraciyər patologiyaları aşkar olunub. Xəstəliyin yaranmasında əsas səbəblərdən biri müxtəlif hepatotoksiki maddələr – bir sıra dərman preparatları, ətraf mühiti çirkləndirən zərərli kimyəvi maddələr və sənaye tullantılarıdır.
Aparılan tədqiqat işinin əsas məqsədi ağ siçovullarda eksperimental şəraitdə tetraxlormetandan istifadə etməklə kəskin və xroniki qaraciyər hepatiti modellərı yaratmaq və yeni yaradılmış fitokomplekslərin köməyi ilə onların korreksiya və müalicəsidir. Tədqiqatın nəticələri göstərir ki, fitokompleksin təsirindən ağ siçovullarda tetraxlormetanın toksiki, sitoloji və xoleastatik təsiri xeyli zəifləyib. Nəticədə qaraciyərdə regenerasiya prosesləri intensivləşib və funksiyalar xeyli yaxşılaşıb. Bu aspektdən təklif olunan yerli floramızın məhsulu olan dərman bitkilərindən hazırlanmış yeni fitokompleks yüksək hepatotrop və detoksikasiyaedici xüsusiyyətlərinə görə qaraciyərin funksional vəziyyətini tənzimlənmə imkanlarının mümkünlüyünü əsaslandırır.
Metodik işləmə 2024-cü ildə Moskvada nüfuzlu “Проблемы науки» adlı nəşriyyatda çap olunub və Beynəlxalq Elmi Elektron Kitabxana (LIBRARY. RU) vasitəsi ilə bir çox ünvanlara göndərilib. Onların sırasında Moskva Dövlət Universiteti, Rusiya Federasiyanın Prezident Administrasiyası, RF Dövlət Duması və s. orqanların kitabxanaları var.
Qeyd edək ki, bu mövzu haqqında məlumat 10-dan çox məqalə və tezislər olmaqla, yerli və beynəlxalq jurnallarda, həmçinin elmi konfranslarda öz əksini tapıb.