Bu gün elmi tədqiqat aparan tələbə sabahın yaxşı mütəxəssisi deməkdir
ATU-da tələbələrin öz nəzəri biliklərini elmi cəhətdən əsaslandırması üçün bütün imkanlar mövcuddur

ATU-nun Tələbə Elmi Cəmiyyəti “Tələbə elmi-tədqiqat işi necə aparılmalıdır?” mövzusunda sayca II seminarını keçirib. Bu dəfəki seminarda əlavə olaraq düzgün startap ideyasının seçilməsi mövzusuna da yer verilib.

TEC-in təşkilati dəstəyi ilə baş tutan seminarı ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov açaraq, son illərdə tələbələrin elmi işlərə marağının yüksəldiyini, müəllimlərin isə tələbə tədqiqatlarına daha ciddi yanaşdığını deyib. Onun sözlərinə görə, tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması universitet həyatının əsas məsələlərindəndir. Çünki tələbə öyrəndiklərini elmi cəhətdən əsaslandırmağı bacarmırsa, ondan gələcəkdə yüksək səviyyəli həkim ola bilməz: “Hər bir tələbənin ilk kurslardan başlayaraq elmi-tədqiqat işlərinə fəal surətdə qoşulması onun gələcəkdə bacarıqlı bir mütəxəssis olmasından xəbər verir”.

Ötən tədris ilində Özbəkistanın Səmərqənd şəhərində baş tutmuş beynəlxalq olimpiadada bir qrup tələbəmizin qalibiyyət əldə etdiyini xatırladan prorektor bildirib ki, tələbələrimiz bu günlərdə qardaş Türkiyənin İstanbul şəhərindəki Yeditepe Universitetində keçirilən Türk Dövlətlərinin I Tibb Konqresində də çox məharətlə çıxış ediblər: “Universitetin Elmi Araşdırmalar Mərkəzində 30-40 ildir ki, çox böyük elmi araşdırmalar aparılır. Həmin mərkəzdə tələbələrimiz də bir sıra maraqlı elmi-tədqiqat işləri həyata keçirirlər”.

Cəmiyyətin hazırkı durumu və gələcək fəaliyyət proqramı haqqında məlumat verən TEC-in elmi rəhbəri, Startap və elmi koordinasiya şöbəsinin müdiri, tibb elmləri doktoru Muşviq Həsənov bildirib ki, təşkilatın sıraları ildən-ilə genişlənir, qaydaları isə günün tələblərinə uyğun olaraq yenilənir: “Əgər tarixə nəzər salsaq görərik ki, tanınmış, məşhur alimlərin demək olar ki, hamısı vaxtilə TEC-in fəal üzvləri olublar və onların sonralar əldə etdikləri yüksək nailiyyətlərin ilk addımları məhz tələbəlik illərindən atılıb”.

Tələbələrin elmi araşdırmalar aparması üçün yaradılmış şəraitə görə universitetin rektoru, professor Gəray Gəraybəyliyə təşəkkür edən M.Həsənov, müştərək elmi konfransların keçirilməsinə start verildiyini, bu günkü tədbirə Naxçıvan Universitetindən də bir qrup tələbənin qatıldığını diqqətə çatdırıb: “TEC-in fəaliyyət proqramına daxil olan məsələlərdən biri də müxtəlif universitetlərin tibb mütəxəssisləri ilə təcrübələrin bölüşdürülməsi və onlar arasında koordinasiyanın qurulmasıdır. Bu da tibbin aktual sahələrinə dair elmi araşdırmaların aparılması və tibb təhsilinə inteqrasiyası baxımından böyük əhəmiyyətə malikdir”.

TEC-in sədri Həmid Səfərli başda universitetin rektoru olmaqla, TEC-ə dəstək göstərən bütün dekanlıq nümayəndələrinə, eləcə də tədbir iştirakçılarına təşəkkürünü bildirib, seminarın keçirilməsində əsas məqsədin tələbələrin aşağı kurslardan başlayaraq akademik fəaliyyətə cəlb edilməsi olduğunu deyib. Nəzərə çatdırıb ki, 2024-2025-ci tədris ilində “Tibb tələbələri və gənc tədqiqatçıların respublika konfransı”nın Azərbaycan Tibb Universitetində keçirilməsi üçün hazırlıqlara başlanılıb.

Fakültə dekanları Fərəh Mədətli, Elmira Əliyeva və Hərbi tibb fakültəsi TEC-in elmi rəhbəri, tibb xidməti polkovniki Saleh Əhmədov da tədqiqat işi aparan tələbələr üçün universitetdə lazımi şərait yaradıldığını qeyd ediblər. Çıxışlarda vurğulanıb ki, Tələbə Elmi Cəmiyyətinin əsas vəzifələrindən biri xüsusi bacarığa, istedada malik olan tələbələri tədqiqat işlərinə cəlb edərək üzə çıxarmaqdır. Onlar bildiriblər ki, yaxşı həkim olmaq üçün nəzəri biliklə yanaşı, araşdırma aparmaq, proqnozlaşdırmaq və statistik təhlil etmək bacarıqlarına da yiyələnmək lazımdır.

Toplantının ikinci hissəsində Rafiq Alverdiyev “Düzgün startap ideyasının seçilməsi” mövzusunda çıxış edərək, onun əhəmiyyətinin nədən ibarət olması, həmçinin necə qurulması və həyata keçirilməsi yolları haqda ətraflı məlumat verib.

Bundan başqa, II Müalicə-profilaktika fakültəsi TEC-in sədri Fidan Seyfullayeva “Elmi işin hazırlanma mərhələləri”, Əczaçılıq fakültəsi TEC sədri Nihad Hüseynli “Elmi işlərdə effektiv təqdimatın aparılma qaydaları”, MPF-2 fakültəsinin V kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin beynəlxalq əlaqələr üzrə rəhbəri Səbinə Həsənzadə “Elmi məqalələrin beynəlxalq konfranslara və jurnallara göndərilməsi prosesi” mövzularında çıxış edərək, universitetimizin yeni tələbələri və elmi-tədqiqat yolunda addım atan gənclərlə öz bilik və təcrübələrini bölüşüblər.

Seminarın sonunda maraqlı müzakirələr aparılıb və tədbir sualların cavablandırılması ilə başa çatıb.