Sentyabrın 20-də Azərbaycan Tibb Universiteti, Azərbaycan İqtisad Universiteti və Xanım Tədqiqatçılar Şurasının birgə təşkilatçılığı ilə ATU-nun Tədris Terapevtik Klinikasında “Elmi-Tədqiqat layihələrinin idarə edilməsi” mövzusunda təlim baş tutub
Tədbiri giriş sözü ilə ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov açıb. O, ilk növbədə ATU-da Elmi Tədqiqatların İdarə Edilməsi Departamentinin yaradılması haqqında məlumat verərək bildirib ki, departmentin əsas vəzifəsi potensial imkanların müəyyənləşdirilməsi, o cümlədən inkişaf proqramının və strateji istiqamətlərin göstəricilərinin əldə olunması üzrə sistemli işin qurulmasıdır. Universitetin keyfiyyət təminatına və inkişafına yönəlmiş prosedurların təhlili və icrasının departamentin prioritet işlərinə aid olduğunu deyən prorektor, bunun nəticəsi olaraq alimlərimizin və gənc tədqiqatçılarımızın artıq beynəlxalq elmi platformalara çıxdığını vurğulayıb. Qeyd edib ki, hər bir elmi tədqiqat işi potensiallaşdırılmalıdır: “Yəni bu gün biz elmi iş aparırıqsa, onu satışa çıxarmalıyıq. Bu zamanın tələbidir, biliyimizi kimsə almalıdır”.
Beynəxalq elmi şəbəkələşmənin vacibliyinə də toxunan R. Bəylərov, son 4 ayda elmi tədqiqatları dünyanın nüfuzlu jurnallarında dərc olunan alimlərimizə qonararlar verildiyini müsbət hal kimi dəyərləndirib. Hələlik bu qonararları daha çox kimyaçıların və əczaçıların aldığını, gələcəkdə klinik işlərin də bu istiqamətdə uğur qazanacağına əminliyini söyləyib.
Beynəlxalq tədqiqatlara cəlb edilmək baxımdan müştərək təlimlərin əhəmiyyətindən danışan prorektor, müzakirəyə çıxarılan mövzunun aktuallığına diqqət çəkərək, təlimin işinə uğurlar arzulayıb.
Bundan sonra siyasi alim – Federal İsveçrə və ABŞ Weiser təqaüdşüsü, UNEC Xanım Tədqiqatçılar Şurasının rəhbəri, UNEC Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri Dr. Nərgiz Hacıyeva təlimə başlayıb. Əvvəlcə özünə inam hissinin zəruriliyindən söz açan təlimçi, elmin beynəlmiləlləşdirilməsində kiçik qrantların rolundan danışıb. Eyni zamanda təəssüf hissi ilə Azərbaycanda elmi şəbəkələşmənin çox zəif olduğunu söyləyib. Onun sözlərinə görə, ancaq müxtəlif insanların innovativ yenilikçi fikirlərini bir yerdə cəmləşdirməklə layihələr yazıla bilər. Təlimçi layihələrin hazırlanmasında savad və sürətin, həmçinin tərəfdaş tapmağın xüsusi önəm daşıdığını deyib. Məsələn, Erasmus təqaüdünə müraciət etmək üçün ən vacib kriteriyalardan biri də 4 yerli və 4 xarici universitetin bir araya gəlməsidir.
Daha sonra elmi-tədqiqat layihələrinin idarə edilməsində digər mühüm amillərə aydınlıq gətirən təlimçi, mövcud problemlər və ehtiyaclara diqqət, əvvəlki layihələrin araşdırılması, aydın məqsədlər və nəticələr, büdcə planlaması və resursların idarə edilməsinə dair təqdimatlar edib.
Təlimin məqsədi müvafiq sahələr üzrə mütəxəssislərin layihələrin idarə olunmasının prosedurları və metodologiyası barədə məlumatlandırılması, bilik və bacarıqlarının artırılması, təcrübədə tətbiqi üçün mənimsəməsi olub. Tədbir çərçivəsində iştirakçılara layihələrin idarə olunması mərhələlərinin hər biri ətraflı şəkildə izah edilib.
İnteraktiv şəraitdə keçən, müxtəlif kafedraların əməkdaşları, eləcə də rezident və tələbələrin qatıldığı təlimin sonunda mövzuya aid suallar cavablandırılıb.