Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin hesabat konfransı keçirildi.
Toplantını açıq elan edən baş həkim Asiman Həsənov iştirakçılara klinikada baş verən son yeniliklər haqqında məlumatı çatdırdı. Onun ətraflı çıxışından sonra klinikanın şöbə müdirləri həftəlik qısa hesabatları səsləndirdilər.
Konfransın elmi hissəsində üz-çənə cərrahiyyəsi üzrə mütəxəssis Məhəmməd Davudov “Baş-boyun nahiyəsi rekonstruktiv cərrahiyyəsində müxtəlif növ dilimlərin istifadəsinə yanaşma” mövzusunda geniş mühazirə ilə çıxış etdi.
Məhəmməd Davudov ATU-nun Tədris Cərrahiyyə Klinikasında üz-çənə nahiyəsinin eləcə də baş-boyun nahiyəsi müxtəlif patologiyalarının diaqnostikası və müalicəsinin aparıldığını bildirdi. Mütəxəssisin sözlərinə görə, Klinikada aparılan elmi və praktik fəaliyyətin əsasını onkoloji xəstəliklər, o cümlədən xoşxassəli və bədxassəli törəmələr, iltihabi xəstəliklər təşkil edir.
“Son zamanlar bizim şöbədə plastik rekonstruktiv cərrah uzmanın fəaliyyəti ilə birlikdə briqada şəklində sərbəst ayaq damarcıqları (free flap ) ilə əməliyyatlar icra edirik. Bu sahədə fəaliyyətimizi davam etdirir və daha da genişləndirməyi düşünürük”.
Qeyd edək ki, Məhəmməd Davudov 2001-ci ildə ATU-nun Stomatologiya fakültəsini bitirib, 2001-2002-ci illərdə 1 saylı şəhər klinik xəstəxanasının üz-çənə cərrahiyyəsində internatura keçib. 2002-ci ildən ATU-nun ağız və üz-çənə cərrahiyyəsi kafedrasında baş laborant işləyib, 2008-ci ildə tibb elmləri namizədi alimlik dərəcəsi üzrə müdafiə edib.
M.Davudov 2010-cu ildə Tehran Tibb Elmləri Universiteti onkoloji institutunda 1 il ərzində baş-boyun cərrahiyyəsi şöbəsində followship proqramını keçib. 2011-ci ildən ATU-nun Tədris Cərrahiyyə klinikasının ağız və üz-çənə cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışır.