Bu gün Azərbaycan Tibb Universitetində (ATU) rəhbərlik və inzibati işçilərin iştirakı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmisi ilə görüş keçirildi.
Tədbirdə açılış nitqi ilə çıxış edən ATU rektoru, akademik Əhliman Əmiraslanov universitetin mövcud informasiya texnologiyaları sisteminin fəaliyyəti haqqında məlumat verdi. Ə.Əmiraslanov ATU-nun klinikaları və tədris binalarını əhatə edən elektron şəbəkənin mövcud olduğunu, bu sistemin təkmilləşdirilməsi üçün daim işlər görüldüyünü bildirdi. Rektorun sözlərinə görə, Tibb Universiteti İT sahəsində mövcud sistemin daha effektiv fəaliyyətini təmin etmək üçün yeniliklərə ehtiyac var.
Daha sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Həbib Abbasov “ATU-da informasiya texnologiyalarının mövcud durumu və qarşıda duran məsələlər – E-universitetə keçid” adlı təqdimatı ilə çıxış etdi. O, ATU-nun klinikalarının informasiya sistemləri ilə tanış olduğunu, digər ali təhsil ocaqlarından fərqli olaraq, Tibb Universitetinin daha geniş şəbəkəyə malik olduğunu bildirdi. Çünki ATU-da təhsil sektoru ilə yanaşı, həm də müayinə-müalicə fəaliyyəti mövcuddur.
Daha sonra tədbir iştirakçıları müzakirə edilən mövzu ilə bağlı fikirlərini səsləndirdilər. Tibb Universitetini əhatə edən İT şəbəkəsinin yenilənməsi haqqında faydalı təkliflər səsləndirildi.