Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fransanın tibb fəaliyyəti ilə məşğul olan "Opere Singulari" şirkətinin prezidenti Rime Barbara Sarrah Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının qonağı oldu.
Xanım Sabbah bir ay əvvəl Fransanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Paskal Monyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ATU-da olmuş, universitetin rektoru, akademik Ə.Əmiraslanov ilə görüşüb. Görüşdə Fransa və Azərbaycan dostluq əlaqələrinin tibb sahəsində də inkişaf etdirilməsi zərurəti vurğulanıb. Bu məqsədlə Azərbaycan Tibb Universitetinə təkrari səfər edən xanım Rime Barbara Sabbah ATU-nun Tədris-Terapevtik və Tədris-Cərrahi klinikaları ilə tanış olub.
ATU-nun Tədris-terapevtik klinikasının direktoru professor Surxay Musayev ilə görüşdə xanım Sabbah şirkətin fəaliyyəti və Azərbaycanla planlaşdırdığı əməkdaşlıq barədə danışaraq, bu əməkdaşlıq çərçivəsində Azərbaycan Tibb Universiteti ilə əlaqələrə xüsusi önəm verdiyini vurğuladı. Sonra Prof. S.Musayev qonağa TTK-da xəstələrin qəbulu, diaqnostika və müalicəsində müasir tələblərə cavab verən elektron sisteminin fəaliyyət göstərdiyi haqda geniş məlumat verdi. Son illərdə ATU-nun TTK-da yeni Ürək-damar mərkəzinin, Hematologiya şöbələsinin yaradıldığını söyləyən prof Musayev, klinika əməkdaşlarının tibbin ən yeni naliyyətlərini təcrübədə tətbiq etmək məqsədlə müxtəlif sahələrdə tanınmış xarici həmkarları ilə əlaqələri daha da genişləndirməyə hazır olduqlarını bildirdi. Qonaq TTK-nın zəngin maddi-texniki bazasının olduğunu və burdakı təşkilati məsələlərin çok yüksək səviyyədə qurulduğundan məmnunluğunu bildirdi.
Xanım R.Sabbah sonra universitetin Tədris Cərrahiyyə Klinikasıni ziyarət etdi. Klinikanın bir neçə şöbəsinin fəaliyyəti ilə tanış oldu və əməkdaşlarla görüşdü. Görüşü giriş sözləri ilə açan ATU-nun Tədris Cərrahiyyə Klinikasının baş həkimi dosent Asiman Həsənov Xanım Rim Sabbahı və tədbir iştirakçılarını salamladı. Fransalı qonağın ATU-ya gəlişindən şad olduqlarını bildirərək, qarşılıqlı əməkdaşlığın faydalı olacağını qeyd etdi.
Xanım Sabbah öz növbəsində Azərbaycanda şahidi olduğu qonaqpərvərlikdən, həmçinin millət vəkili, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanovla görüşdən aldığı müsbət təəsuratlarla bölüşdu. Qonaq ATU-nun Tədris Cərrahiyyə Klinikasının möhtəşəm və müasir tələblərə cavab verən bir tibb ocağı olduğunu, həmçinin yeni nəsil tibb kadrlarının yetişdirilməsi üçün burada hər bir şəraitin yaradıldığını vurğuladı. Xanım R.Sabbah Azərbaycanın geosiyasi mövqeyini, ölkəmizdə son illər bütün sahələr üzrə böyük irəliləyişlərin olduğunu nəzərə alaraq, Azərbaycanla əməkdaşlıq qərarına gəldiklərini və bu sahədə geniş miqyaslı tədbirlər planının hazırlandığını söylədi.
Sonra qonaq klinika əməkdaşlarının suallarını cavablandırıldı.
Görüşlərdə ATU-nun beynəlxalq əlaqər və xarici tələbələr üzrə prorektoru dosent Rəhimə Qabulova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Nadir Zeynalov iştirak ediblər.