ATU THİK tələbələr üçün maraqlı seminar təşkil edib

Oktyabrın 25-də Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) dəstəyi ilə komitənin nəzdində fəaliyyət göstərən "Şəxsi inkişaf və psixoloji təlimlər" klubu ilk seminarını keçirib.

Klubun sədri, Hərbi tibb fakültəsinin 3-cü kurs tələbəsi Nəriman İskəndərov seminarın mövzusunun “Kütlə qarşısında qorxmadan danış” olduğunu iştirakçıların diqqətinə çatdırıb. Seminarı aparmaq üçün sözü Diksiya Akademiyası MMC-nin təsisçi-direktoru, jurnalist  Cəlalə Nəzəroğluya verib.

Məruzəçi mövzunun aktuallığına toxunaraq, səsləndirdiyi məqamların tələbələrin gələcək karyerasında necə rol oynayacağını bildirib, kütlə qarşısında qorxmadan necə danışmağın sirlərini bölüşüb.

200-dən çox tələbə və müəllimin iştirak etdiyi tədbir çox maraqlı keçib. Natiq tələbələri maraqlandıran suallara ətraflı cavab verib. Müəllimlər isə belə tədbirlərin keçirilməsinin zəruriliyi və faydası barədə fikirlər səsləndiriblər.

Seminarın sonunda klubun sədri N.İskəndərov THİK-in rəhbəri Qoşqar İsmayılova dəstəyə görə təşəkkürünü bildirib və məruzəçiyə universitet adından hədiyyə verib.