Bu günlərdə ATU-nun I və II Uşaq xəstəlikləri kafedralarının bir qrup əməkdaşı Avstriyanın Vyana şəhərində keçirilən Avropa Pediatrlar Cəmiyyətinin 10-cu konqresində iştirak ediblər
II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Nailə Sultanova, əməkdaşlardan dosent Nurəngiz Hacıyeva, assistentlər Püstə Orucova, Afaq Axundova, Nərgiz Məmmədova və I Uşaq xəstəlikləri kafedrasının assistenti Nərgiz Şərifova 7 elmi tədqiqat işinin təqdimatını keçiriblər. Onların təqdim etdikləri mövzular maraqla qarşılanaraq müzakirəyə çıxarılıb.
Konqresin açılışında ilk öncə pediatrlara həsr edilmiş “Sənin üçün dünyanı xilas edəcəm” adlı himn səsləndirilib. Bundan sonra Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regionu üzrə Ölkə Səhiyyə Departamentinin direktoru N.Azzopardi- Muscat, Amerika Birləşmiş Ştatlarının (San Fransisko) UCSF-də Yenidoğulan Beyin Tədqiqat İnstitutunun və Neonatal Beyin Pozuntuları Laboratoriyasının direktoru, professor Donna M.Ferriero, Böyük Britaniyanın Oksford Universitetinin Yenidoğulanlar üçün xidmətlər, Qadın mərkəzi bölümünün professoru C.C.Roehr, Almaniyanın (Münhen) Lüdviq Maximilians Universitetin Pediatriya şöbəsinin professoru B.Koletzko və başqalarının interaktiv məzmunlu çıxışları dinlənilib.
Dünyanın tanınmış pediatrlarının iştirak etdiyi dörd günlük konqresdə maraqlı, elmi yeniliklərlə zəngin, pediatriyada hər bir xəstəliyin müalicə prinsiplərində istifadə olunan yeni protokollara yanaşmalar da müzakirə predmeti olub.
Onu da qeyd edək ki, bu konqres pediatrlar arasında bilik və təcrübə mübadiləsi prosesində tibbin aktual problemlərinin müzakirəsi üçün beynəlxalq platforma rolunu oynayır.