Elm Tədqiqatların İdarəolunması Departamentinin təşkilatçılığı ilə növbəti seminar keçirilib
Noyabrın 5-də ATU-nun Tədris Terapevtik Klinikasında Elm Tədqiqatların İdarəolunması Departamentinin təşkilatçılığı ilə “Yüksək kvartilli jurnallarda nəşr üçün məqalələri necə hazırlayaq?” mövzusunda seminar keçirilib.
Tədbiri açan Əqli mülkiyyətin inkişafı, qrant, patent və elmi ekspertiza şöbəsinin müdiri Aygün Kazımlı bildirib ki, departament yarandığı vaxtdan indiyədək müxtəlif istiqamətlərdə silsilə tədbirlər keçirib və bu da onlardan biridir. O, məruzəçi haqqında qısa məlumat verib. Qeyd edib ki, ixtisasca biotexnoloq olan Sona Hacıyeva İtaliyanın Boloniya Universitetinin doktorantı və UNEC-in Əziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyasının tədqiqatçısıdır.
Sonra çıxış edən məruzəçi bildirib ki, müasir dövrdə bir ölkənin elm ictimaiyyətinin fəaliyyətinin dünya arenasında tanıdılması nöqteyi-nəzərindən yüksək kvartilli jurnallarda elmi məqalələrin dərc olunması vacibdir: “İngilis dilinin qlobal dil olduğunu nəzərə alsaq, elmi işlərin məhz bu dildə nüfuzlu jurnallarda nəşr olunması həmin fəaliyyətin xaricdə nümayiş etdirilməsi üçün şərtdir. Tədqiqat mövzusu standart olmamalı, elmdəki boşluqlara toxunmalı, az öyrənilmiş və ya tədqiq olunmayan sahələr üzrə yeni araşdırmalar aparmalıdır. Məqsədəuyğun və etibarlı nəticələr əldə etmək üçün metodologiyanın dəqiq və uyğun seçilməsi vacibdir, metodlar aydın təsvir edilməlidir. Məqalə jurnalın tədqiqat sahəsi və məqsədləri ilə uyğun gəlməlidir. Kvartilli jurnallarda nəşr olunmuş məqalələrin strukturunu öyrənmək və həmin məqalələrin təhlilindən istifadə etmək yazı tərzini və tədqiqatın təqdimatını optimallaşdırır”.
S.Hacıyeva jurnallarda məqalənin qəbul prosesi və şərtlər barədə də məlumat verib: “Yüksək kvartilli jurnallarda məqalə nəşri, xüsusən də ödənişsiz və ya APC (Article Processing Charge) azadolmaları ilə nəşr etmək üçün APC Waiver Siyasəti və Azadolma Meyarları yüksək səviyyəli jurnal redaksiyaları adətən məqalənin orijinallığına, təklif etdiyi yeni nəticələrə və mövzunun aktuallığına diqqət edirlər. Tədqiqat kifayət qədər yenilikçi və orijinal olduqda, əhəmiyyətli bir mövzuya toxunduqda, APC üzrə azadolma ehtimalı artır. Bəzi jurnallar (məsələn, Elsevier və Springer) inkişaf etməkdə olan ölkələrin tədqiqatçılarına və ya maliyyə dəstəyi olmayan tədqiqatçılara ödənişsiz nəşr imkanları yaradır. Tədqiqatın ümumdünya əhəmiyyəti, mövzunun beynəlxalq dəyəri və çoxşaxəli tətbiq imkanları da ödənişdən azadolma səbəblərindən biridir”.
Məruzəçi əlavə edib ki, məqalənin qəbul şansını artırmaq üçün tədqiqatın orijinallığı da əhəmiyyət kəsb edir: “Daha öncə işlənilməmiş, yaxud barəsində məhdud bilgilər olan mövzu üzrə araşdırma aparıb məqalə yazmaq həmin məqalənin qəbul şansını yüksəldir. Məqalə sadə, anlaşıqlı üslubda yazılmalıdır. Çünki akademik terminlərlə zəngin, mürəkkəb quruluşa malik cümlələrdən tez-tez istifadə etmək məqalənin həm qəbulunu və eləcə də oxucular tərəfindən oxunma ehtimalını azaldır”.
Təlim xarakteri daşıyan və maraqla qarşılanan seminarda Elmimetrik araşdırma və beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, professor Fatimə Seyidbəyova, akademik heyət, müəllim və doktorantlar, tələbələr iştirak edirdilər.